Korifey sənətkar, Xalq artisti Əli Zeynalovun doğum gününə Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Kommunist Partiyasınıdövründə dindən, Allahdan danışmaq yasaq olunmuşdu. Amma yaxınlarınıdediyinə görə Xalq artisti ƏliZeynalovun dilindəAllah kəlməsi düşmürmüş. "Od gəlini" tamaşasında Elxan rolunu oynayırmış, "Allah yoxdur, mənəm Allah" monoloqunu deyəndə o, ürəyində tövbə edərək "Allah, keç günahımdan, məni bağışla" deyirmiş. Bu sözü sonralar həyat yoldaşı Mirvari xanıda təsdiq edib. Hətta Mirvari xanıbir dəfə ona deyibmiş ki, "Ay Əli, birdətamaşvaxtı, çaşıb ürəyində dediklərini yüksəsəslə dilə gətirərsən"...

 

Əli Zeynalov 4 aprel (bəzi mənbələrdə 5 aprel) 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb.

Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib. İrəvan Tearında (1934–1935), Dram Teatrında (1945–1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib.

İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik olan Əli Zeynalov bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib.

Aktyorun ailə həyatı da enişli-yoxuşlu olub, hamar olmayıb.

1939-cu ildə İrəvan teatrında işləyən zaman Zəhrabəyim adlı qadınla ailə qurur. Bu evlilikdən onların bir qızı və oğlu dünyaya gəlir. Sonradan ailə Bakıya köçüb, İçərişəhərdə yaşamağa başlayır. Lakin, bir müddət sonra aktyorun həyat yoldaşı xərçəng xəstəliyinə tutulur və dünyasını dəyişir. "Eşq və intiqam" tamaşasında iştirak edərkən aktyor Qəmər obrazını canlandıran, tərəf müqabili aktrisa Mirvari Novruzova ilə rastlaşır. Bu rol aktrisanın səhnədə ilk rolu olur. Tamaşa zamanı aktrisa ilə Əli Zeynalov arasında isti münasibət yaranır. Həyat yoldaşını yenicə itirmiş Əli Zeynalovla aktrisa ailə qururlar.

Bu evlilik Mirvari xanmın da ikinci evliliyi olur. Onun da ilk evlilikdən iki övladı olur. Əli Zeynalovla evliliyindən isə onların Sədaqət adlı bir qızı dünyaya gəlir. Bu cütlük 40 il birlikdə ömür sürürlər.

Onlar yenicə ailə quran zaman Əli bəyin uşaqlarını anası saxlamaq istəsə də Mirvari xanım buna qəti etiraz edərək deyir: “Uşaqlar birlikdə böyüməlidirlər. Onlar qaynayıb, qarışmasalar, biz ailə ola bilmərik”.

Əli bəyin qızı sonradan deyəcəkdi ki, doğurdan da onlar mehriban ailə olmağı bacarıblar”.

Əli Zeynalov söhbətlərinin birində belə bir etiraf edir: "Mən xoşbəxtəm ki, sənətdə də, həyatda da qarşıma nəcib insanlar çıxdı. Tale məni Mirvari xanımla qoşalaşdırmasaydı, bəlkə də mən heç Əli Zeynalov olmazdım. Mənim bütün əziyyətlərimi, məişət qayğılarımı o çəkirdi. Səhnədəki əzəmətə fikir verməyin, məişətdə çox acizəm. Bu mənada xilaskarım xanımım olub. Halbuki Mirvari də öz sənətinin aşiqi idi".

 

Filmoqrafiya

1. Axşam konserti

2. Aygün

3. Babək

4. Bəxtiyar

5. Qaraca qız

6. Qara daşlar

7. Bir qalanın sirri

8. Qəribə əhvalat

9. Leyli və Məcnun

10. Bizim küçə

11. O olmasın bu olsun

12. Əmək və qızılgül

13. Dağlarda döyüş

14. Görüş

15. Poçt qutusu

16. Səhər

17. Telefonçu qız

18. Əsl dost

19. Ögey ana

20. Köhnə bərə

 

Mükafatları

- "Ermənistan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

 

Əli Zeynalov haqqında media zaman-zaman maraqlı faktlar paylaşıb. Onlardan bəzilərinə göz yetirək:

Mərhum yazıçı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində Həsənzadə rolunun ifası ilə Əli Zeynalov böyük uğur əldə edib. Bu tamaşada onunla ilk dəfə olaraq Amaliya Pənahova Nargilə obrazını səhnədə oynayıb. Həsənzadə obrazını ifa etdikdən sonra o, Xalq artisti adını alır.

Əli Zeynalov 25 bədii filmi valehedici, ifadəli səs tembri ilə səsləndirib. Mərhum aktyor milli kinomuzda 40-a yaxın filmdə çalışıb. O, “Səhər”, “Bir qalanın sirri”, “Xoşbəxtlik qayğıları”, “Kölgələr sürünür”, “Üzeyir Ömrü”, “Leyli və Məcnun” kimi filmlərdə koloritli obrazlar yaradıb. Tamaşaçılar onu ən çox “Bir qalanın sirri” filmindəki Simnar rolu ilə tanıyıblar.

Yumşaq, gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınıb. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindən dərs deyib.

“Uzaq sahillərdə” əsəri əvvəllər teatr tamaşası kimi səhnəyə qoyulub. Əli Zeynalov tamaşada Mixaylo obrazını canlandırıb. İllər sonra "Uzaq sahillərdə" filmi ekranlaşanda Mehdi Hüseynzadə obrazını Nodar Şaşıqoğlu ifa edir. Amma onu Əli Zeynalov səsləndirir. Sonralar verdiyi müsahibələrdə Nodar Şaşıqoğlu Əli Zeynalovun onun obrazını səsləndirməsindən çox xoşbəxt olduğunu deyir. Bundan sonra Əli Zeynalov Nodar Şaşıqoğlu çəkilən bütün filmləri özü səsləndirib. Aktyorun heç vaxt dublyoru olmayıb. Bir dəfə tamaşaya iki saat qalmış üst dişi düşüb. Tez teatra xəbər verib ki, belə vəziyyətdə gəlib, tamaşanı oynaya bilmərəm. Həmin vaxt televiziya ilə elan verirlər ki, tamaşa bir neçə gündən sonra nümayiş olunacaq. Satılan bütün biletlər etibarlı hesab olunur.

Aktyor İrəvan teatrında işlədiyi üçün erməni dilini çox yaxşı bilib. Bir dəfə Ermənistana qastrol səfərinə gedəndə uşaqlarını da özü ilə aparıb. Yay ayı olduğundan aktyor dondurma almaq üçün qızını mehmanxananın qarşısına göndərir. Qızı erməni dilini bilmədiyinə görə, dondurma satana rus dilində müraciət edir. Bunu eşidən erməni kişi ona acıqlanıb deyir "Sən ermənisən, niyə öz dilində danışmırsan? Niyə istəyini rus dilində bildirirsən?” Səs-küyü eşidən Əli Zeynalov eyvana çıxıb erməni dilində erməniyə nə isə deyir. Dondurma satan kişi arabasını götürüb qaçır.

Plovu əllə yeməyi çox sevib. Deyirmiş ki, düyüyə qaşıq dəyməməlidir. Bir dəfə Salyanda bacısının yoldaşı ilə mərc edirlər. Bacısı turşu qovurmalı plov bişirir. Hərəsinin qarşısına bir kilo düyü tutumu olan bir bulud plov qoyur. Dincələ-dincələ bir kilo düyünü, qarası ilə birlikdə yeyir.

Əli Zeynalov kitab da yazıb, "İki ömrüm olsaydı…" kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb:

 "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. — Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? — Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim."

Bütün həmkarları ilə yaxşı münasibətləri olan, dostcanlı, evcanlı insan Əli Zeynalov sonralar tənhalığa çəkilib özünə qapanır. Ailə üzvləri onun bu halını xəstəliyi ilə əlaqələndirirlər. Belə ki, aktyor bir neçə dəfə ard-arda infarkt keçirir. 1988-ci il yanvarın 4-də isə müalicə olunduğu xəstəxanada qəzet oxuduğu yerdə ürəktutmasından 75 yaşında dünyasını dəyişir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.