"Haray" filmində baş rolda o çəkilib Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Razılaşınki, Xocalı faciəsikimiçox ağır bir mövzuda çəkilən filmdə baş rolda oynamaq böyük məsuliyyət, ustalıq tələb edir. Həm də milli təəssübkeşlik, vətənpərvərlik tələb edir.

Pərvanə Qurbanova, hər şeydən öncə, təəssübkeşdir!

 

Azərbaycan Respublikasının xalq artisti Pərvanə Qurbanova 2 aprel 1965-ci ildə anadan olub. 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlayıb. Bu illər ərzində o  aşağıdakı rolları ifa edib:

Maral “Maral” (Cəfər Cabbarlı), Firəngiz “Oqtay Eloğlu” (Cəfər Cabbarlı), Sevinc “Sənsiz”(Şıxəli Qurbanov), İncixanım “Atabəylər” (Nəriman Həsənzadə), Əfsanə “İtkin gəlin” (Əlibala Hacızadə), Narınc “Yandırılmış adam”(Əlibala Hacızadə), Aqasiya “Odu atma, Promitey”(M.Kərim), Nazan “Yad qız”(Orhan Kemal), Gülqönçə “Cavad xan”(Nüşabə Məmmədova), Ülviyyə “Unutmaq İstəyirəm” (Nüşabə Məmmədova), Şahnaz “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev) və s.

1990-cı ildən hal hazıra kimi Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir və aşağıdakı rolların ifaçısıdır:

- “Xeyir və Şər”də Kürd qızı

- “Məhəbəət əfsanəsi”ndə Şirin,

- “Bəhram şah”da Afaq,

- “Məhəbbətin qənimi”ndə Sədaqət və s.

Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmayıb. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilib.

 

Filmoqrafiya

 

1. Haray

2. Döngələr

3. Cavad xan

4. Pərvanələrin rəqsi

5. 28 iyun

6. Yuxu kimi

7. Köhnə çamadanlar

8. Xəyanət

9. Qurd yağı

 

Teatr xadimləri ittifaqının üzvüdür, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artistidir. 13 dəfə Prezident Mükafatına layiq görülüb.

 

"Doğum günlərimi adətən ailəmlə, balalarımla birlikdə qeyd edirəm. Amma bu dəfə fərqli olacaq. Zaur Baxşəliyev 3-4 gün bundan öncə mənə zəng edib dedi ki, çox istəyirəm sizə "Zaurla Günaydın" verilişində ad günü keçirim. Mən də çox böyük məmnuniyyətlə qəbul etdim. Sağ olsun Atv kanalı və xüsusilə də Zaur Baxşəliyev məni hər zaman diqqətdə saxlayır. Bunun özü mənə ən böyük hədiyyədir" – mediaya verdiyi açıqlamasında o belə deyib.

Və həm də öz həyat kredosunu aşıqlayıb:

"Mənim üçün ən böyük hədiyyə doğmalarımın diqqəti, sevgisi və qayğısıdır. Mən diqqəti çox sevirəm. Çünki özüm də hər kəsə bacardığım qədər diqqət yetirirəm. Doğum günlərini qeyd etməyi sevmirəm. Son illərdir ki, doğum günümdə telefonu açıq saxlayıb, kimlərinsə təbrikini qəbul edirəm. Həyat yoldaşım rəhmətə gedəndən sonra heç bir doğum günümü ürəkdən qeyd etməmişəm.

Balalarımın üstündə tək qaldım, əlbəttə ki, möhkəm olmalı idim. Ona görə də artıq mənə əhəmiyyətli deyildi ki, yaş üstünə yaş gəlir, qocalıram. Mənim fikrim o idi ki, balalarımı vətənə layiqli övlad kimi böyüdüm, işimdə uğurlarım bol olsun.  Çətinliklərim olsa da heç bir zaman aciz qalmamışam. Acizlik etdinsə bu həyatda aciz də qalacaqsan, heç nəyə nail olmayacaqsan".

Xalq artisti hər zaman səhnədə olmağı arzuladığını da bildirib:

"Sənətimlə bağlı arzularım çoxdur. Hər zaman səhnədə olub, oynadığım rollarla tamaşaçıların qəlbini fəth etmək istəyirəm. Tamaşaçılarla canlı ünsiyyəti, teatrı çox sevirəm. Kinodur, serialdır, onları neçə dəfə istəsən çəkib, sonra ən yaxşısını seçib tamaşaçıların ixtiyarına verirsən, amma tamaşa elə deyil. Səhnəyə çıxdınsa orada səhv olmaz. Hər zaman tamaşaçıların qəlbində yaxşı bir sənətkar kimi qalmaq, taxt qurmaq istəyirəm".

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.