“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Kinoemalatxana rubrikasında professor, kinoşünas Aydın Dadaşovun görkəmli Azərbaycan rejissoru Tofiq İsmayılovun quruluş verdiyi filmlər barədə düşüncələrini təqdim edir.
***
Tofiq İsmayılovun quruluş verdiyi «Bizim küçənin oğlanları» filmi (ssenari müəllifi Oqtay Orucov. 1973) gənclərin peşə yönümündən bəhs edir. Filmin bəstəkarı Nazim Əliverdibəyovun «Yollar» mahnısının uşaq xorunun ifasında səslənməsi ilə yeni tikilən binalardan köhnə məhəllələrə keçidlə çöldə qoyulmuş televizorda göstərilən «Nu poqodi»ni izləyən camaatın uşaqlı qadınla evinə qayıdan mühəndis İbrahimə (Şahmar Ələkbərov) heyrətlənmələri mühiti açır. Səhər açıldıqda orta məktəbi yenicə bitirmiş Arif (Ənvər Həsənov), Tofiq (Salam İsmayılov) və Rasimin (Ömür Nağıyev) özünə toyxana quran İbrahimin yanından keçərək şəhərə üz tutmaları, futbol oynayan uşaqların birinin yay gözlüyünün müzakirəsi və Səriyyə xalanın (Nəsibə Zeynalova) qeybət qıran qadınları durdurması, şəhərdən qayıdan yeniyetmələrin «Ay məhəllə uşaqları, əl çalın oynayaq» kimi meyxana ritmi altında rəqsləri, Arifin aldığı medala mahnı qoşulması, zurna, nağara sədası altında hamının toya yığılması karnaval estetikası yaradır.
İbrahimin dul, yanıuşaqlı qadına evlənməsinə etiraz edən Mehdi kişi (Əliağa Ağayev) ilə Rüstəm kişinin (Ağasadıq Gəraybəyli) yarı xoş, yarı zorla məclisə gəlməsi, yeniyetmələrin qol götürüb oynamaları təsviri zənginləşdirir. Kəndin kənarındakı çayda balıq tutmağa hazırlaşan Arifin şəhərli qız Elmira (Sədaqət Dadaşova) ilə ünsiyyəti məkan əlaqəsini reallaşdıran sevginin simvoluna çevrilir.
Qızının patefonda, yeniyetmələrin arasındakı Əliş ((Tariyel Qasımov) üçün səsləndirdiyi «Ay ana, dostum evlənir» mahnısını evə qayıdan Rüstəm kişinin yarımçıq kəsməsi digər sevgi epizodunu da mexaniki olaraq ortaya atır. Və nəhayət, Mehdi kişinin tibbə dair aldığı kitabları evinə gətirərək oğlu Rasimi həkim görmək istəməsi mövzuya dair ilkin ziddiyyəti yaxınlaşdırır. Hərbi məktəbə daxil olmaq istəyən Tofiqin atası Əbdülün (Məlik Dadaşov) oğluna: «Hansı peşəni seçirsənsə-seç, peşəkar olmalısan» - deməsindən sonra onu meşədəki taxta zavodunda çalışdırmaq istəməsi, çayda balıq tutub oradaca ocaqda bişirib təbiətin qoynunda açdıqları süfrədə yeyən Ariflə Elmiranın peşə barədə söhbətləri problemi yeni kontekstdə təkrarlayır. Ariflə söhbətində bioloq olmaq istəyib, ötən il imtahanda dodağına sürtdüyü boyanın tərkibini bilmədiyinə görə kimyadan kəsildiyini deyən Elmiranın mətni orta məktəb proqramından kənar olsa da, mövzu istiqamətini nizamlaya bilir. Yağışın yağması ilə süfrəni yığışdıran gənclərin qol-budaqlı ağacın altında gizlənmələri və qızın göy qurşağının altından keçməsinin təsviri həlli quruluşçu operator Rafiq Qəmbərovun peşəkarlığını təsdiqləyir.
Beləliklə, bu filmdə quruluşçu rejissorun peşəkarlarla yanaşı, yeniyetmə aktyorlarla da işləmək bacarığı maraqlı bir filmi ərsəyə gətirdi.
***
Şifahi xalq ədəbiyyatımızda fantasmoqorik obrazlı mühiti və kəskin ziddiyyətlərin təqdimatı ilə seçilən, mükəmməl dramaturji modelə malik «Məlikməmməd» nağılı əsasında Oqtay Altunbayın yazdığı «Gecə yarıdan keçəndə» ssenarisində səksən yaşlı padşahın böyük oğlu Böyükxan çovkan oynayan igid, ortancıl oğul Xanməmməd isə yeyib-yatan qarınqulu, kiçik oğul Xanəhməd isə tora düşmüş ceyran balasını xilas edən xeyirxah personaj kimi xarakterizə edilir. Padşaha alma tingi bağışlayan qocanın nağıllara xas olan rebus-tapmacaları əsasında Xanəhmədin ağıllılığı sübut olunur.
Şahın əmrilə ting bağda əkildikdən sonra qapısında üçbaşlı əjdaha keşik çəkən mağara - şər qüvvələrin mühiti təsvir olunur.
İlk kadrlarda quru otların, ağacın yanması lokal şərtilik yaratmaqla hadisələrin mühitinin tam açılışına təminat verə bilməsə də, alovların əhatəsində, qaranlıq zirzəmidə divlər sarayının, filmin bəstəkarı Tofiq Quliyevin gərgin musiqisi altında təsvirindən sonra Hökmdarın (H.Məmmədov) quşların cəh-cəh vurduğu güllü-çiçəkli sarayına gələn qocaya üç oğlunun bir-biri ilə yola getmədiyini, xalqın dərdini heç birinin çəkə bilməyəcəyini, torpağın yağıdan qorunmayacağını söyləməsi problemi səciyyələndirir. Nağılçı qocanın (M.Şeyxzamanov) əlinin işarəsilə görünən təsvirdə tənbəl qardaşları Şahməmmədlə (Elşad Qazıyev) Xanməmməddən (Viktor Demirtaş) fərqli olaraq Məlikməmmədin (Ötkəm İsgəndərov) qartal yemləməsi Qarayelə qarşı durmağın mümkünlüyünü səciyyələndirir. Növbəti kadrda Qocanın əlinin gücü ilə açılan mücrüdə divin bağından yığılan almaların olması çaşqınlıq yaratsa da, dünyanı viran qoyan Qarayelin (Haşım Qadoyev) divlərini (Eldəniz Zeynalov, Siyavuş Aslan, Yaşar Nuriyev) sir-sifətdən adama çevirməsi yarımmifik personajları təqdim edir. Həmin rəqqasələrə çevrilən divlərin ovsunu ilə qardaşların yatırılması, Məlikməmmədin isə barmağını kəsərək müqavimət göstərməsi nağıl motivini yeni kontekstdə canlandırır. Div mücrüdəki almanı götürüb apardıqdan sonra Məlikməmmədin qardaşlarını çağırması «güc birlikdədir» zərb-məsəlini struktura qoşur.
“Ədəbiyyat və incəsənət”
(02.04.2026)


