O, Tiflis Azərbaycan Teatrının əsas siması idi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"O zamanlar ağlıma da gəlməzdi ki, Azərbaycan teatrı ilə belə yaxından bağlanacağam və yaradıcılığımın ən qaynar, hərarətli illərini ona həsr edəcəyəm" Aleksandr Tuqanov

 

Aleksandr Tuqanov Azərbaycan teatr sənətində iz qoyan simalardandır. O, 31 mart 1871-ci ildə Moskvada doğulub. Moskvada Korş teatrında, habelə Rusiyanın bir sıra şəhərlərində aktyor, sonradan Gürcüstanda, 1924-cü ildən isə Azərbaycanda rejissor kimi fəaliyyət göstərib. Aleksandr Tuqanovun fəaliyyətinin müəyyən dövrü Tiflis Azərbaycan Teatrı ilə bağlıdır.

Özünün yazdığına görə, Azərbaycan teatrı ilə ilk tanışlığı 1898-ci ildə Moskva Korş teatrı truppasının Tiflisə səfəri zamanı olub. 1912-ci ildə isə o, daimi işləmək üçün Tiflisə gəlib və burada rus teatrında fəaliyyətə başlayıb. Həmin vaxtlar burada Azərbaycan ziyalılarının yaratdığı "Müsəlman teatr cəmiyyəti"nin tamaşalarına baxıb. Bu tamaşalar "Zubalov Xalq Evi"ndə, habelə digər teatrların səhnələrində göstərilib.

O da bir mütəxəssis kimi imkan daxilində bütün tamaşaları izləyib. Tuqanovun Azərbaycan teatrına böyük maraq və bağlılığı, təbii ki, məhz o vaxtlar meydana gəlib. Onun xatirələrindən: "Zubalov Xalq Evi"ndə baxdığım tamaşalar, ekzotik Tiflisdə, başqa xalqların milli tamaşaları ilə eyni səviyyədə, böyük bir məktəb təsiri bağışlayırdı.

Zubalov Xalq Evində on bir bölmə işləyirdi. Hər millətin tamaşası öz doğma dilində səhnəyə qoyulurdu. Rus, gürcü, Azərbaycan dram dərnəklərindən başqa, burada Ukrayna, yəhudi, osetin, yunan, aysor dram cəmiyyətləri də fəaliyyət göstərirdi.

Məlum olduğu kimi, 1912-ci ildə Tiflisdə azərbaycanlı artistlərin hazırladığı tamaşaları göstərmək üçün şəhərin azərbaycanlılar yaşayan "Şeytanbazar" məhəlləsində teatr üçün xüsusi bina – "Auditoriya" açılıb. Bundan sonra tamaşaların göstərilməsi ardıcıl xarakter alıb və Tuqanov bu tamaşalara ardıcıl baxmaq imkanı qazanır.

 

"Bu tamaşalar məni Azərbaycan teatrı və onun ifaçıları ilə əsaslı şəkildə yaxınlaşdırırdı. Peşəkar teatr olmasa da, buradan sonralar böyük aktyorlar çıxmışdı: Sidqi Ruhulla, Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşahlı və başqaları", -deyirdi Tuqanov.

O, 1922-ci ildən başlayaraq azərbaycanlı aktyorların dəvəti ilə Azərbaycan dilində də tamaşalar hazırlayıb.

 "O zamanlar ağlıma da gəlməzdi ki, Azərbaycan teatrı ilə belə yaxından bağlanacağam və yaradıcılığımın ən qaynar, hərarətli illərini ona həsr edəcəyəm", – deyə Tuqanov sonralar xatirələrində qeyd edib.

Azərbaycanın Xalq artisti Mustafa Mərdanov həmin dövrü belə xatırlayıb: "1922-ci ildə öz benefisimə C. Cabbarlının "Ədirnənin fəthi" pyesini hazırlayırdım; əsərdə baş rolu – Harisi özüm oynayırdım. Tamaşanın daha gözəl hazırlanması üçün Tiflis Dövlət Rus Teatrının baş rejissoru A. Tuqanovu "Ədirnənin fəthi"nin rejissorluğuna dəvət etdik. Tuqanov əsəri gözəl surətdə hazırlayıb tamaşaya qoydu".

Nəhayət, Tiflis teatrının aktyorlarından Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının, habelə inzibatçı Əli Bayramovun təkidli xahişləri nəticəsində A. Tuqanov bu teatrda işləməyə razılıq verib. Beləliklə də o, 1923-cü il avqustun 23-də Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru təyin edilib. Qeyd etdiyimiz kimi, Tuqanov teatrın aktyor heyəti və tamaşaları ilə tanış idi və sənət yanğılı bu insanları yüksək qiymətləndirib:"OvaxtTiflisAzərbaycanteatrınınMeydandakı darısqalbinasındarastlaşdığımaktyorların ürəyiişləmək, tamaşahazırlamaqhəvəsivə yanğısı ilə doluidi"

Məhzbunları nəzərə alanrejissorəslteatryaratmaq, güclü kadrlaryetişdirmək üçünbütüngücünü səfərbəredib. Tuqanovayrı-ayrı əsərlərinsəhnəyə çıxarılması ilə kifayətlənmir, hazırladığı tamaşaların ümumimədənisəviyyəsininyüksəldilməsinə də xüsusisəygöstərirvə bunanailolub. Bütün bu işlərdə onun ən yaxın köməkçisi Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı olub. Tuqanov İsfahanlını özünün müəllimi hesab edib, onun, habelə Gürcüstanın Əməkdar artisti Mirzəli Abbasovun, aktyorlardan Mirzəxan Quliyevin, Əşrəf Yüzbaşovun və digər aktyorların səhnə fədakarlığını yüksək qiymətləndirib.

Tiflisteatrındaorijinalpyeslərin, habelə Azərbaycansəhnəsi üçünyeniolanklassikəsərlərinTuqanovtərəfindəntamaşayaqoyulması aktyorlarınfərdiyaradıcılıqxüsusiyyətlərinin üzə çıxmasına şəraityaradıb, onlara özlərinə məxsuscəhətlərigöstərməkimkanı verib, tamaşaçıları teatracəlbedibOnunbuteatrdailkişi ŞəmsəddinSaminin "Gaveyi-ahəngər" pyesinintamaşası olub.

AleksandrTuqanovyazırdı: “Bu, yetkintamaşaidi, aktyorların özrollarınatamamyenimünasibətləriduyulub: butamaşabütünmövsümə müəyyənhavaverdi".

Beləliklə, başlanğıc uğurlu olub. Bunun ardınca tamaşaçılara fransız yazıçısı Jan Batist Molyerin "Jorj Danden" komediyası təqdim olunur. Bu tamaşa da böyük uğur qazanıb. Aleksandr Tuqanov teatrda baş rejissor kimi fəaliyyət göstərərkən "Uçurum", "İblis", "Şeyx Sənan", "Pəri cadu", "Ölülər" pyeslərini yeni quruluşda tamaşaya hazırlayıb.

Onun ən maraqlı quruluşlarından biri "Müfəttiş" (N. V. Qoqol) komediyasının tamaşası olub. Səhnədə ilk addımlarını atan gənc aktyor Ülvi Rəcəb məhz Tuqanovun hazırladığı tamaşalarda uğurlu obrazlar yaradıb. Onun yaratdığı Dərviş ("Şeyx Sənan"), İxtiyar ("İblis"), Məhkəmə rəisi ("Müfəttiş") obrazları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Tuqanovun Tiflis teatrında hazırladığı "Dağılan tifaq" (Ə. Haqverdiyev), "Hacı Qara" (M. F. Axundov), "Qaçaqlar" (F. Şiller, tərcümə edəni Həsən Səbri), "Məkr və məhəbbət" (F. Şiller, tərcümə edəni Ələkbər Seyfi) və "Otello" (U. Şekspir, tərcümə edəni Həsən Səbri) tamaşaları da uğurlu olub.

Məlumdur ki, Aleksandr Tuqanov Bakıda, Azərbaycan Dövlət Dram Teatrında çalışarkən böyük dramaturq Cəfər Cabbarlı ilə yaradıcılıq əməkdaşlığı edib. Yazıçının pyeslərinin quruluşları əsasən ona məxsusdur. Lakin onun Cəfər Cabbarlı ilə "ilk görüşü" Tiflis teatrında olub. Tuqanov bu teatrda dramaturqun "Ədirnənin fəthi" pyesindən sonra "Aydın" və "Oqtay Eloğlu" pyeslərinə də quruluş verib.

O, sonralar bu barədə belə yazıb: "Bu, xatirəsi mənim üçün müqəddəs olan, son dərəcə gözəl, böyük dramaturqla ilk görüş idi". Dövri mətbuat teatrın fəaliyyətini yüksək qiymətləndirib. Tuqanovun xatirələrindən: "Dövri mətbuat bizim işimizə dostcasına, nikbin baxırdı. Əməyimiz hədər getmirdi, birgə işimizin elə ilk çağları, ilk mövsüm göstərdi ki, müstəqil yolla irəliləyən Azərbaycan teatrı yaşamağa qadirdir".

Həmin vaxtlar Tiflis Azərbaycan Teatrının uğurları Bakı teatr ictimaiyyətinin də diqqətini cəlb edib. Şübhəsiz, uğurlu tamaşaların meydana çıxması əsasən Aleksandr Tuqanovun adı ilə bağlı olub. Əlbəttə, bu işdə teatrın fədakar aktyorlarının əməyi də danılmazdır. Tuqanov 1924-cü ildə işləmək üçün Bakıya – Azərbaycan Dövlət Dram Teatrına dəvət edilib. O bu təklifi məmnuniyyətlə qəbul edib və sonralar belə yazıb:

 "Tiflisdə ilk mövsümün uğurları elə böyük idi ki, mən Azərbaycan teatrındakı bu təcrübəmi davam etdirmək üçün imkanı əldən verməmək qərarına gəldim". Beləliklə, Aleksandr Tuqanov 1924-cü ilin yazında Tiflislə, oradakı rəssam, şair və aktyor dostları ilə vidalaşıb yeni teatr yaratmaq, bütün bilik və təcrübəsini sevdiyi sənətə həsr etmək barədə qəlbində baş qaldıran çoxdankı arzularını reallaşdırmaq üçün Azərbaycana, yeni iş yerinə gedibdir. Sonra isə Bakıda uzun  və səmərəli fəaliyyət başlayıb.

Tanınmış teatr xadimi 6 mart 1960-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.