İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Təsəvvür edin, sovetlər dönümündə Lenin hamının babası idi, balaca uşaqlar dil açanda Lenin baba şeirini əzbərləyirdilər. O zamanlarda Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu Yusif Vəliyevə həvalə etdilər. Onun ifası sənətkarlıq baxımından rus həmkarlarının oyunlarından daha canlı və real alındı. Hətta Mskva ona heyran qaldı...
Yusif Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri əzbərləyərək bir neçə rol oynayıb. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib.
Teatr bağlananadək, yəni 1949-cu ilədək burada aktyorluq edən Yusif Vəliyev teatrın ən öncül sənətkarlarından biri olub. Bunu ifa etdiyi rolların siyahısı da açıq-aydın göstərib. Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Əşrəf bəy), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Hacı Qara), "Molla İbrahimxəlil kimyagər" (İbrahimxəlil), Sabit Rəhmanın "Toy" (Surxay), "Xoşbəxtlər" (Sadıq) komediyalarının, Cəfər Cabbarlının "Almaz" (Şərif), "1905-ci ildə" (General-qubernator), "Aydın" (Aydın), "Oqtay Eloğlu" (Oqtay), "Od gəlini" (Elxan) dramlarının tamaşalarında xaraktercə fərqli rollar oynayıb.
Teatr dram tamaşaları ilə yanaşı, opera və operettalar da oynayırdı. Yusif Vəliyev Şəki səhnəsində Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Səlam, "Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" operettalarında Vəli, Həsən bəy və Həsənqulu bəy, Mərcan bəy, Ağası Məşədibəyovun "Toy kimindir?" (librettosu Məhərrəm Əlizadənindir) musiqili komediyasında Qoşun rollarında çıxış edib.
1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, romantik, faciə və həm realist, həm satirik, həm də qroteskii komediya rollarını məharətlə ifa edib.
Hacı Nuru və Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Qarakişi və Vəzir ("Aqil və Sərvinaz", Əyyub Abbasov), Aslan və Polkovnik Polad ("İki həyat", Rauf İsmayılov), Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov), General Leyk ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Ataman, Xeyrulla Şalıbudaqov ("Anacan" və "Qonşular", Yusif Əzimzadə), Xətib ("Rübailər aləmində", Məmmədhüseyn Təhmasib), Almurad baba ("Şəhərli oğlan", Qeybulla Rəsulov), Oruc ("Sevinc", Əyyub Abbasov) rolları aktyorun daha uğurlu yaradıcılıq işləridir.
Televiziya teatrında tamaşaya hazırlanmış Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Hacı Qara), Qılman İlkinin "Baba və nəvə" (Baba) tamaşalarında, "Əfzələddin Xaqani" (Xaqani) bədii kompozisiyasında lent yazıları var. Ondan çox radio tamaşasında iştirak edib.
"Azərbaycanfilm"in kinolarında epizod rollar oynasa da, çox maraqlı, yadda qalan xaranterlər yaradıb. O, "Zirvə" (Bələdçi), "Sən nə üçün yaşayırsan?" (Balıqçı), "Nəsimi" (Teymurləng), "Qatır Məmməd" (Halvaçı), "Tütək səsi" (Qurban), "Arxadan vurulan zərbə" (Qurd Cəbrayıl), "Uşaqlığın son gecəsi" (İş icraçısı), "Bir cənub şəhərində" (Səfərəli) və sairə kinolentlərində çəkilib. "Nə yaxşı ki, Səməd Vurğun var..." sənədli filmində Qacar rolunda "Vaqif"dən bir parça ifa edib.
Uzunillik səhnə yaradıcılığında əldə etdiyi sənət nailiy-yətlərinə, gənclərə örnək olan zəngin irs yaratdığına görə Yusif Abdulla oğlu Vəliyev 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub. Aktyorluq imkanları baxımından Milli Dram Teatrının yaradıcılıq üslubuna daha uyğun olub. Təəssüf ki, dəfələrlə cəhdlər göstərilsə də, aktyorun Akademik teatra gəlişi baş tutmayıb.
Adi nağıl janrını əsərdəki personajı da dərin dramatizmlə cilalaya, mürəkkəb üslub elementlərindən məharətlə istifadə etməyə cəhd göstərən və istəyinə cəsarətlə nail olan sənətkar olub. Mürəkkəb rolların ifasında janr sintezindən həssaslıqla istifadə edib, məqamından, vəziyyətdən asılı olaraq ya psixoloji, ya dramatik və yaxud faciə elementlərinə üstünlük verib. Bəstəboylu aktyor səhnədə əzəmətli, pəhləvan cüssəli görünüb.
Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin, sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Ancaq aktyorun xanımı Zemfira Sadıqovanın sözlərinə görə "Axırıncı aşırım" filmində Həsən Seyidbəyli səsləndirməni Adil müəllimə tapşıranda, o deyir ki, - Həsən, sən komediya çəkirsən? Mənim səsimlə Kərbəlayi olmaz axı. Get, Yusif Vəliyevi çağır, o gəlib səsləndirsin. Yusif Vəliyevə bu xəbər çatanda o, Adil İsgəndərola küsülü olsa belə, gəlib həmin rolu səsləndirir.
Təkbaşına səhnədə monoloq söyləyəndə də səhnə dolu və möhtəşəm təsir bağışlayıb. Pauzalardan və səs tembrinin variasiyalarından istifadədə qeyri-adi, gözlənilməz nailiyyətlər qazanıb.
Filmoqrafiya
1. Ad günü
2. Qatır Məmməd
3. Qəribə adam
4. Qəribə əhvalat
5. Alma almaya bənzər
6. Qızıl qaz
7. Axırıncı aşırım
8. Arxadan vurulan zərbə
9. Bakıda küləklər əsir
10. Bəxtiyar
11. Bizim küçə
12. Nəsimi
13. O qızı tapın
14. Böyük dayaq
15. Bir cənub şəhərində
16. Od içində
17. Dağlarda döyüş
18. Dəli Kür
19. Sən niyə susursan?
20. Poçt qutusu
Ürək xəstəliyi və kəskin tromboz diaqnozu qoyulan aktyor 1 saylı şəhər xəstəxanasında yatırdı. 1980-ci il martın 18-də vəfat edən Yusif Vəliyev Bakıdakı yeni "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.03.2026)


