Azərbaycan kinosunda parlaq ad: Mustafa Mərdanov Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sizə bir neçə milli filmlərimizdən danışacağam ki, bu şöhrətli aktyor onların hər birində möhtəşəm rollarla yadda qalıb.

Bu gün anadan olmasının 132-ci ildönümü qeyd edilən Mustafa Mərdanov həqiqətən də kino korifeylərimizdən biridir.

 

Mustafa Mərdanov 11 mart 1894-cü ildə Mərənddə anadan olub. Rejissor Səməd Mərdanovun qardaşıdır. O hələ uşaqkən ailələri Tiflisə köçüb və 1924-cü ilə qədər burada yaşayıblar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyib. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərib, amma Mustafa teatra daha böyük maraq göstərib. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olub.

Eyni zamanda da dram studiyasında çalışıb, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdıb. Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olub, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənib. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlib, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb.

Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırıb. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərib. Şəhərin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921–1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirib.

Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər olub. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü olub. Onun ətrafında böyük sənətkarlar çalışıb. Azərbaycanın formalaşan aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrilib.

Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənətkardan öyrəndikləri bu aktyorun sənət yoluna işıq salıb, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırıb. "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"də Qəmbər, "Nadir Şah"da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı olub.

O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında uğurlu alınıb. Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alıb.

Muzdur Qulu (Bismillah (film, 1925) “Bismillah") onun kinoda ilk rolu olub. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi  olub. Səssiz kino nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılıb və orada Mustafa Mərdanov da maraqlı rol ifa edib. Bir il sonra isə ekranlarda Aleksandr Litvinovun "Müxtəlif sahillərdə" ("Əlbəyaxa") filmi göstərilib. Aktyor bu filmdə Abbas rolunda çəkilib.

Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunan mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsasını təşkil edib. Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli olub. Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən "Sevil" filmində aktyor Atakişinin rolunu ifa edib.

1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi "26 komissar" filmində Mustafa Mərdanova menşevik rolunu verib. Bu rol kiçik də olsa öz hərəkətləri, jestləri ilə yadda qalıb. Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranan əksər filmlərdə bu aktyora rollar verilib və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verib.

Digər menşevik rolunu isə o, "Bakılılar" filmində yaradıb. Amma qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. Belə ki, o, filmdə iki rol yaradıb. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir. Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilib.

"Kəndlilər"dən sonra 1940-cı ildə "Yeni horizont" (trest müdiri), 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə tamaşaçı diqqətindən yayınmır. Müharibə Azərbaycan kinematoqrafının inkişafına öz təsirini göstərsə də, bu illərdə də filmlər yaranıb. Çox təəəsüf ki, Mustafa Mərdanov bu illərdə çəkilən filmlərə dəvət olunmayıb. O, yenidən 1955-ci ildə "Görüş" filmində çəkilib. 

 

Burada adi kolxozçu rolunu ifa edən aktyor, bir il sonra "Qara daşlar"da Dəmirov kimi çox ciddi rolda görsənib. Onun ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki "intellegent" Həsən bəy oldu. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir.

Xüsusilə, qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhvali-ruhiyyə doğurur.  "Əhməd haradadır?" filmində Məhəmməd kişi rolu aktyorun yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri olub. Bundan sonra o, 1968-ci ildə "Qanun naminə" filminə çəkilib. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu.

Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, min bir fırıldaqdan çıxan insandır. O, hər vəch ilə Mehmandan qisas almağa çalışıb. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulub. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır.

Mustafa Mərdanovun "50 il Azərbaycan səhnəsində xatirələrim" kitabı 1959-cu ildə çap edilib. Ölümündən sonra – 1973-cü ildə "Mənim müasirlərim" xatirə kitabı nəşr edilib oxuculara çatdırılıb. Mustafa Mərdanov bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik edib.

 

Tiflis teatrı

"Hacı Qara" — Kərəməli

"Yağışdan çıxdıq yağmura düşdük" — Qəmbər

"Nadir Şah" — Ədhəm

 

Azərbaycan Dövlət Dram Teatrı

Xlestakov ("Müfəttiş")

İmamverdi ("Sevil")

Luka ("Həyatın dibində")

Şmaqa ("Günahsız müqəssirlər")

Bismillah (rol: muzdur Qulu)

Müxtəlif sahillərdə (rol: Abbas)

Hacı Qara (rol: Kərəməli)

Sevil (rol: Atakişi)

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. "Qırmızı əmək bayrağı" ordeni

4. "Qafqazın müdafiəsinə görə" medalı

5. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

Mustafa Mərdanov 28 dekabr 1968-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.