Polis rəisi aktrisanı güllələmək istəyir Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

1970-ci illər imiş.Ölkə rayonlarından birinə qastrola gedən Naxçıvan teatrıbir faciə oynayır. Həmin tamaşada Xalq artisti Roza Cəfərxanova əzazil qadın obrazını canlandırır. Tamaşa qurtarandan sonra rayon ictimaiyyəti sənətkarlarla görüşəndə rayonun polis şöbəsinin rəisiRoza xanıma yaxınlaşıb deyir:

-Sizin ifanızda səhnədəki qadınla buradakı qadını müqayisə edəndə çaşdım. Mən tamaşaya baxarkən sizə o qədər nifrət etdim ki, hətta iki dəfə əlimi tabel silahıma atıb sizi elə səhnədəcə güllələmək istədim. Siz böyük sənətkarsınız!

 

Azərbaycan Respublikasının xalq artisti Roza Cəfərxanova 23 fevral 1927-ci ildə Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta məktəbi bitirdikdən sonra o vaxt Ordubadda yenicə açılmış Dövlət Dram Teatrına (1949-cu ilin əvvəllərində bağlanıb) aktrisa götürülüb. Bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Asya), "O olmasın, bu olsun" (Gülnaz), "Ər və arvad" (Minnət xanım) operettalarında, Səməd Vurğunun "Vaqif" (Gülnar), Abdulla Şaiqin "Vətən" (Gözəl) dramlarının tamaşalarında oynayıb.

Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyib. Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb. Dram əsərlərinin tamaşalarında Pəri ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Cəvahir ("Nakam qız", Aleksandr Şirvanzadə), Ana ("Astana", Aleksandr Dudarev), Həyat ("Həyat", Mirzə İbrahimov), Pəri, Susanna, Dilbər, Sitarə, Sona, Solmaz, Yaxşı ("Solğun çiçəklər", "Aydın", "Sevil", "Nəsrəddin şah", "1905-ci ildə", "Od gəlini" və "Almaz", Cəfər Cabbarlı) səhnə obrazları aktrisanın daha uğurlu yaradıcılıq işləri sayılır.

Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” Roza xanımın son tamaşasıdır. Bu tamaşa onun teatrdan həmişəlik getməsinə səbəb olub. Belə ki, Roza xanım bu tamaşada oynadığı rolda nə qədər çevik hərəkətlər etsə də, yaş özünü göstərib. Yaddaşı sözünə baxmayıb.

Bu tamaşanı növbəti dəfə izləyicilərə təqdim edərkən səhnədə çaşıb və replikanı düz verməyib. Tərəf-müqabili olan xalq artisti Rza Xudiyevə astadan: “Bahoo, korladım”, - deyib. Təbii ki, peşəkar aktyor olan Rza Xudiyev vəziyyətdən ustalıqla çıxıb. Tamaşaçılar yaranan gərginliyi hiss etməyiblər. Amma bundan sonra Roza Cəfərxanova öz böyüklüyünü və tamaşaçı nəzərində sevimli aktrisa nüfuzunu qorumaq üçün ərizə yazıb işdən çıxıb. O istəmirdi ki, bir zaman tamaşaçıların sevimlisinə çevrilən aktrisa varlığı qədər sevdiyi səhnədə onların qarşısında pis vəziyyətə düşsün!

Roza Cəfərxanova 18 may 2010-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.