İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“O, uşaqları çox sevirdi. Qızı olaraq, bu məni çox qısqandırırdı. Küçəyə çıxırdıq, bir addım atmamış uşaqlar başına yığışırdı. Mən qıraqda qalırdım. Atamdan küsürdüm. O, könlümü alırdı, deyirdi, “Sən mənim qızımsan, səni onsuz da çox istəyirəm. Amma onlara da diqqət ayırmalıyam”. Uşaqlar ona “Xoruz baba” deyirdi. Əvvəllər televizor çox evdə yoxuydu. Bazar günləri səhərlər radioda uşaq verilişi olurdu. Atam orda xoruz rolunu oynayırdı. Onun səsi çox maraqlıydı, çəkiciydi. Hamımız oturub qulaq asırdıq. Bu veriliş qurtarmamış heç bir uşaq həyətə çıxmazdı. Sonra həyətə çıxıb həmin verilişdən danışırdıq. Biri deyirdi, mən filan şeiri bilirdim, o biri deyirdi, mən tapmacanın cavabını tapmışam. Uşaqları o qədər sevirdi ki...
İnfarkt keçirmişdi. Xəstəxanadan çıxan gün ona zəng etdilər ki, uşaqlar gəlib səninlə görüşmək istəyir. Atamın vəziyyəti yaxşı olmasa da, uşaqların xatirinə həmin görüşə getmdi…”
(Qızı Tamella Sadıqovanın xatirələrindən)
Əslən Cənubi Azərbaycanlı olan aktyor, Xalq artisti Hüseynağa Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.
GTT-də əlli ildən çox aktyorluq edib sənətkar.
Əsas rolları bunlardır:
- Pitli ("Əfilər", Rabindranat Taqor)
- Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq)
- Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol)
- Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova)
- Azad ("Azad", Əyyub Abbasov)
- Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)
- Həsən ("Yaşar", Cəfər Cabbarlı)
- Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni)
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- "Qırmızı Ulduz" ordeni
- "İgidliyə görə" medalı
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Filmoqrafiya
- Ad günü (film, 1977)
- "Kazbek" qutusu (film, 1958)
- Alma almaya bənzər (film, 1975)
- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Babamızın babasının babası (film, 1981)
- Bəxtiyar (film, 1955)
- Bir ailəlik bağ evi (film, 1978)
- O qızı tapın (film, 1970)
- Od içində (film, 1978)
- Böyük dayaq (film, 1962)
- Ömrün ilk saatı (film, 1973)
- Sehrli xalat (film, 1964)
- Səhər (film, 1960)
...Bir dəfə anası onu teatra aparır. Teatr, səhnə, aktyorlar... Gördüyü yeni dünya onu ovsunlayır. Teatra necə bağlanırsa, ömrünün 50 ildən çoxunu bu sənətlə birgə yaşayır. Hələ cavan vaxtlarında həyat onun sənətə sevgisini sınağa çəkir: teatr, yoxsa ailə? O, teatrı seçir, əvəzindəsə ömrünün sonuna kimi ayrılıq, nisgil yaşamalı olur. Bu, elə-belə ayrılıq deyildi, aradan Araz axırdı, tikanlı məftillər vardı...
Bu, balacaların “Xoruz baba”sı, “Babamızın babasının babası”, Xalq artisti Hüseynağa Sadıqovun həyatıdır. Maraqlı, şərəfli, ağrılı…
Qızı Tamella Sadıqovanın xaritələrindən daha sonra oxuyuruq:
“Atam Bakıda doğulub, amma kökümüz Cənubi Azərbaycandandır, sonralar bu tərəfə köçüb yaşayıblar. 30-cu illərdəsə yenidən Cənubi Azərbaycana qayıtmalı olublar. Atam bu barədə danışmağı sevməzdi, bu mövzu onu çox ağrıdırdı. Ailəsi Cənubi Azərbaycana köçəndə atam getməyib. Onda təxminən 20 yaşı varmış, Gənc Tamaşaçılar Teatrında işləyirmiş. Teatrdan ayrıla bilməyib. Atası, anası, bacı-qardaşları-hamı o tərəfə keçib. O, burda tək-tənha qalıb. Fikirləşirmiş ki, yəqin, ailəsi bir müddətdən sonra geri qayıdacaq. Amma onların ayrılığı heç bitmədi…
Atam babamı tək bir dəfə uzaqdan-uzağa görmüşdü - müharibədən qayıdanda. Atam 1941-45-ci illərdə müharibədə olub axı. Qələbədən sonra Sovet ordusu İrandan keçib gəlirmiş. Təbrizdən keçəndə atam görüb ki, babam kənarda dayanıb ona baxır. Amma bir-birinə yaxınlaşa bilməyiblər. O vaxt dövran başqaydı. Atam ömrü boyu o epizodu unuda bilmirdi.
Atam müharibəyə könüllü gedib. O vaxt SSRİ bizim vətənimiz sayılırdı, atam da vətənpərvər adamıydı. İki dəfə yaralanıb, müharibənin son günlərinə, Berlinə kimi vuruşub. Sovet əsgəri Reyxstaqa bayraq sancana qədər. Yadımdadı, deyirdi ki, Berlini alandan sonra şəhəri gəzirdik. Qəfildən alman zabitiylə qarşılaşdım. Hər ikimizin əlində silah vardı. Bir anlıq göz-gözə gəldik. Onu öldürmək istəmədim, fikirləşdim ki, onsuz da, biz qalib gəlmişik. Onun ölümü mənə lazım deyildi. Silahı aşağı saldım. O da məni vurmadı. Sonra yanından gəlib keçəndə “dankeşön” dedi, yəni “çox sağ ol”. Atam deyirdi, o söz hələ də mənim qulağımdadı...
Aktyorla bir evdə yaşamaq, onun qızı olmaq maraqlıydı. Bizim evə maraqlı adamlar gəlirdi. Rusiyanın məşhur aktyorlarını - Yuli Nikulini, Sergey Flippovu tez-tez evimizdə görərdim. Anam süfrə açardı. Atam məzuniyyətə gedəndə məni, anamı da özüylə aparırdı. Yaltaya, Moskvaya, Sankt-Peterburqa gedirdik. O şəhərlərdəki bütün muzeyləri, teatrları gəzmişik.
Atam evdə çox sakit, adi adamıydı. O, evə gələn kimi anam deyirdi, “atan yorulub, sakit ol, gərək bir az istirahət eləsin”. Çox işləyirdi, səhərdən axşama kimi radioya, televiziyaya, kinostudiyaya, teatra, ya da, görüşlərə gedirdi. Sənətini çox sevirdi. Yaradıcılığa Gənc Tamaşaçılar Teatrından başlamışdı. Ona başqa teatrlardan, hətta Moskvadan dəvətlər gəlirdi, amma qəbul eləmirdi. Gənc Tamaşaçılar Teatrı ona çox doğmaydı. Həm də uşaqları sevirdi deyə, gedə bilmirdi.”
Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.02.2026)


