Xalq artistinin Xalq artisti oğlu Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Uşaqlıq illərini teatrın səhnəsində keçirən Rövşən sonradan elə valideynləri kimi ömrünü də böyük səhnəyə bağlayıb. 

Azərbaycan Respublikasının xalq artisti Rövşən Hüseynov 1954-cü il fevralın 6-da Naxçıvanda sənətkar ailəsində doğulub. Anası xalq artisti Sofiya Hüseynova, atası uzun illər Naxçıvan teatrında inzibati işlərdə çalışan Maqsud Hüseynov balaca Rövşəni sərbəst böyüdüblər. 

 

Uşaq ikən müəyyən epizodlarda çıxış etsə də, 1968-ci ildən, yəni 14 yaşından teatrın truppasına aktyor kimi  qəbul edilib. Sözsüz ki, istedadı nəzərə alınmaqla. Azərbaycanda tanınan təcrübəli rejissorlar Baxşı Qələndərli, Vəli Babayev, Miribrahim Həmzəyev kimi sənətkarların quruluş verdikləri tamaşalarda bundan sonra gənc Rövşənin özünəməxsus rollar silsiləsi başlayır.

1968-ci ildə Süleyman Sani Axund­ovun “Laçın yuvası” əsərində Səfərlə başlanan rollar qalareyası Andrey Makayonkun "Tribunal" tragi-komediyasında oynadığı Volodka, Konstantin Simonovun "Dördüncü" pyesində Bonor, Georgi Xuqayevin "Mənim qaynanam" komediyasında Elburus, Lope de Veqanın "Bostan iti" pyesində Miranov, Şıxəli Qurbanovun "Sevindik qız axtarır" pyesində Çingiz, Hüseyn Cavidin "Şeyda" faciəsində Şeyda, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Bəhram, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərində Toxtamış kimi obrazlarla zənginləşdi. 

Ən başlıcası odur ki, oynanılan rolların əksəriyyəti baş qəhrəmanlardır. Bu obrazların hər biri də özünəməxsus xarakter cizgiləri ilə yaddaqalan şəkildə və bir-birini təkrar etmədən yaradılıb. Və bu rolların əksəriyyəti komediya qəhrəmanlarıdır. Əslində, Rövşən Hüseynov çox ciddi aktyordur. Elə buna görə də, onun oynadığı komik obrazlar ciddiliyi ilə seçilir. 

Amma tarixi dramlar, faciələrdə yaratdığı obrazlar da onlardan geri qalmır. Rövşən Hüseynov əsl aktyordur, yəni onun üçün əsas səhnədəki obrazın canlandırılması, xarakterinin açılmasıdır, bir də hər şeyi olduğu kimi yaşamaq. Komediya və ya faciə isə aktyorun yaratdığı obrazın düşdüyü mühitin diktəsi ilə yaranır.

 

Yaratdığı obrazlara görə dövlət səviyyəsində bir çox mükafatlar alıb. Ən ümdəsi isə “Xalq artisti” fəxri adına layiq görülüb. Rövşən müəllim, son illər özünü rejissor kimi  sınaqdan keçirib. Nəticədə, Həsən Elsevərin “Koroğlu nəsli”, İsgəndər Coşqunun “Ana laylası” əsərləri əsasında uşaq və yeniyetmələr üçün hazırlanan maraqlı, dinamik tamaşalar yarandı.

 Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi”, İlyas Əfəndiyevin “Hökmdar və qızı”, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”, İslam Səfərlinin “Göz həkimi” əsərləri onun rejissor fantaziyasından keçərək tamaşaçıya təqdim edilib.

 

Aktyor kimi oynadığı tamaşalar

- "Tribunal" Traki (A.Makayonk) — Volodka

- Dördüncü (K.Simonov) — Bonor

- Mənim qaynanam (G.Xuqayev) — Elburus

- Bostan iti (Lope de Veqa) — Miranov

- Sevindik qız axtarır (Ş.Qurbanov) — Çingiz

- Şeyda (H.Cavid) — Şeyda

 

Rejissor kimi quruluşu verdiyi tamaşalar

- Koroğlu nəsli (H.Elsevər)

- Sehirli yaylıq (V.Qubarev)

- Ana laylası (İ.Coşqun)

- Hökmdar və qızı (İ.Əfəndiyev)

- Göz həkimi (İ. Səfərli)

- Qaravəlli (Anar)

- Yazığam sevmə məni (Ə. Əylisli)

- Vəzifə (Ə. Əylisli)

- Qız atası (Ə. Əsgərov)

- Həmyerliləri (A. Məmmədov)

 

Filmoqrafiya 

- Babək filmi

- Doğma sahillər 

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.