İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəlkə də özü belə istəyib, bəlkə də, taleyi belə gətirib. O, həmişə qəddar rollarda oynayıb…
Bu gün Azərbaycan teatr və kino aktyoru, kino sənətində öz imzasını qoyan sənətkar, əməkdar artist Hamlet Xanızadənin doğum günüdür.
O, 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Burada orta təhsil alıb və atası Bəbir kişi heç onu aktyor görmək istəməyib. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəlib.
Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olub. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli olub.
İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlib. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim edib. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer alıb. Bilmirəm ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil olub. Bircə onu bilirəm ki, bu sənəti sidq ürəkdən sevib.
Bir çox tamaşalarda oynayıb. Tərəf-müqabilləri də ki, Azərbaycan teatr səhnəsinin "ulduz"ları olub — Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı. Teatr onun üçün həm də məktəb olub. Hamlet Xanızadə burada püxtələşib, tamaşaçıların qəlbinə yol tapıb. Onu seviblər, alqışlayıblar.
Onun haqqında düşünəndə ilkin olaraq yada Topal Teymur obrazı düşür. Hər dəfə bu televiziya tamaşasına baxanda onun oynadığı Topal Teymurun qəddar görkəmi uzun zaman tamaşaçıların yaddaşından silinməyib Aktyor bu obrazın ifası üçün özünəməxsus orijinal üslub seçib. "Nəsimi" filmində Yusif Vəliyevin oynadığı Topal Teymurla H. Xanızadənin qəhrəmanını müqayisə edəndə oxşar əlamətlər olduğunu aydın hiss etmək olur.
"Dəli yığıncağı", "İblis", "Ölülər" və s. tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə oynadığı nə qədər qəhrəmanlar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi. Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağın"da Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktoru böyük sənətkar məharəti ilə yaradıb.
Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynayıb. Kinoya 70-ci illərdə gəlib. Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazını xatırlayırsınızmı? Gəray bəyin "vuran əli" olan Gizir tədbirli insandır. O, hər şeyi götür-qoy etməyi bacarıb. Hamlet qəhrəmanının bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas qəhrəmanları səviyyəsinə qaldırıb. Hamlet kinonu da çox sevirdi və ömrünün son illərində kinoya daha çox meyllənib.
Filmlərə tez-tez çəkiblər onu. Hərdən dublyaja, "Mozalan"a da dəvət ediblər. Enerjili insan olub. İşləmək onu heç vaxt yormayıb. Təki ürəyincə olan, daha doğrusu, ona "yaraşan" rollar olsun. İlk dəfə "O qızı tapın" filmində kinorejissor Həsən Seyidbəyli çəkib onu. Oynayıb, özünü təsdiq edib. Sonra isə kinorejissor Kamil Rüstəmbəyov Hamleti "Axırıncı aşırım" filmində çəkib.
Kərbəlayı İsmayılı yola gətirmək üçün Abbasqulu bəylə birgə Qarabağlar kəndinə yollanan Talıbov Qəmlonun qəzəbinə düçar olub. Talıbov qorxmaz, igid, insan taleyinə biganə qalmayan qəhrəmandır. Aktyorun Kərbəlayının qəbulunda o qorxunc anlardakı simasını xatırlayırsınızmı. Çox istedadla yaradılıb bu səhnələr. Hamlet Xanızadə belə dramatik səhnələrin əsl ustası olub.
Amma İmaş ("Arxadan vurulan zərbə") tamam başqa ampluada işlənən bir qəhrəmandır. O, həyatın çətinliklərini görüb başı daşdan-daşa dəyib. Həbsxana həyatı da yaşayıb. Baş verən ən kiçik cinayətlərdə belə onun adı hallanır. Amma Qəmərlinskinin öldürülməsindən onun xəbəri yoxdur. Bacısı da bir tərəfdən onun ovqatını korlayır. Xoşu gəlməyən bir nəsildən olan Fazili sevir.
Bu mürəkkəb hadisələr fonunda onun xarakteri açılır. Hamlet bu epizodları elə istedadla, məharətlə ifa edib ki, tamaşaçı əsl aktyor sənətinin şahidinə çevrilib və onu sevməyə bilməyib. Əyninə sırıqlı geyən bu oğlanın taleyinə heç kəs biganə qala bilməyib. "Axırıncı aşırım"da isə onun rolu o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla ifa edib.
Hamletin ən uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə" filmindəki İmaşdır. İmaş da baş qəhrəman deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə çatdırıb. Hamletin bu filmdəki rolu kinomuzun çox maraqlı qəhrəmanlarındandır. Xəlifə Mötəsimi isə "Babək" filmində yaradıb.
Bu tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradıb, sevdirib bizlərə. Və nəhayət, "Qətl günü" filmindəki Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirib, elə özü sevdiyi kimi.
Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınan "Qətl günü" filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə, 30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının ümumiləşmiş obrazıdır.
Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki cizgilərlə verə bilir. Müasir mövzuda çəkilmiş "Yaramaz"da (rejissor V. Mustafayev) zavod direktorunu oynayıb. Bu obrazla aktyor müasir rolların da gözəl ifaçısı olduğunu bir daha təsdiq edir. Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edib.
O, rejissorlarla çox asan dil tapıb. Olduqca səmimi, işgüzar bir insan olub. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olub. Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyib. Özü də həvəslə, yorulmadan işləyib.
1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıdıb və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurub. Həmin il fevralın 3-də. Hətta şəhidlərimizin 40-nı görmək belə ona qismət olmayıb. Hamlet Xanızadə çox həssas insan olub.
Millətin, xalqın qeyrətini çəkən, onun yolunda ölümə belə getməyə hazır olan aktyor 20 Yanvar faciəsinin qurbanı olub. Onu Şəhidlər Xiyabanında dəfn etməyiblər, doğma kəndlərinin qəbiristanlığında torpağa tapşırıblar.
Qızı Aygün xanımın müsahibəsindən: "Fevralın 2-si çəkilişdən sonra dostlarıyla qəbirüstünə gedirlər, orda güclü başağrıları tutur, onu evə gətirirlər, onda artıq demək olar ki, özündə deyildi, Bürcəli Əsgərovun həkim oğlu dedi ki, xəstəxanaya aparmaq lazımdır. Atamı reanimasiyaya yerləşdirdilər, orda bir gün qaldı, səhərə yaxın xəbər gəldi ki, keçinib."
49 il ömür sürən Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib.
Filmoqrafiya
1. Axırıncı aşırım
2. Əzablı yollar
3. Nizami
4. Gəmi saatının sirri
5. O qızı tapın
6. Günah
7. Özgə ömür
8. Pirverdinin xoruzu
9. Araqarışdıran
10. Xəstəlik mənbəyi
11. Arxadan vurulan zərbə
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- Azərbaycan SSR dövlət mükafatı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.02.2026)


