Afaq Bəşirqızı “Zal qızı Zalxa”nın premyerası və digər mətləblər barədə Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - 31 yanvar tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Şərəf” və “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Zal qızı Zalxa” komediyasının premyerası təqdim olunacaq. Dünən də premyera idi.

 

Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.

Tamaşanın süjeti polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulub.  Dəmir barmaqlıqlar arxasında saxlanılan yeddi  məhbus qadın və onları qorumağa çalışan ananın duzlu-məzəli əhvalatı tamaşaçılara gülüş dolu anlar bəxş edəcək. Komediyada ana fədakarlığı, qadın taleyi, ailə və cəmiyyət arasındakı bağların möhkəmliyi də ön plana çəkilir. Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova,  dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti Razimə İsmayılovadır.

Tamaşada Xalq artisti ilə yanaşı, Əməkdar artist Əzizağa Əzizov (Babək), Prezident mükafatçısı Ülviyyə Əliyeva (Nigar), aktyorlar Hüseyn Əlili (Polis Aslan), Gülcahan Salamova (Həcər), Türkel Tariqpeyma (Nüşabə) Ofeliya Məmmədova (Tomris), Gültac Əlili (Ərəbi), Gülnarə Əzizova (Qüdrət), Nərmin Əliyeva və Nigar Rüstəmova (Şöhrət), Cəbrayıl Cəbrayılov (arabadakı adam), həmçinin teatrın xor və balet artistləri iştirak edəcəklər.

Xatırladaq ki, aktrisa bu obrazı 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda da uğurla ifa edib.

Dünənki premyera öncəsi Xalq artisti Afaq Bəşirqızı jurnalistlərə müsahibə verib. Müsahibəsində Afaq xanım deyib:

"Mən çox istərdim ki, Cavanşir Quliyev öz doğma vətənində diqqət və qayğı ilə əhatə olunsun, dövlət başçımızın və müvafiq dövlət nümayəndələrinin diqqətində olsun və layiq olduğu yüksək dəyəri alsın. Dirijorumuz son dərəcə peşəkar, həddindən artıq diqqətli, xüsusi yanaşması olan və istedadlı sənətkardır. Bütün bu keyfiyyətlər Fəxrəddin bəyə çox yaraşır. Dirijorumuz məhz odur. Baletimiz öz gözəl rəqsləri və yüksək səviyyəli quruluşları ilə seçilir. Rəqs quruluşları Nigar xanıma məxsusdur. O, çox istedadlı baletmeysterimizdir. Əminəm ki, bu gün zalda heç kim darıxmayacaq. Əksinə, böyük bir bayram əhval-ruhiyyəsi hökm sürəcək. Bu gün hamımız sevinəcəyik. Arzu edirəm ki, gün o gün olsun — bütün teatr və incəsənət aləmi bugünkü gün qədər məsuliyyətli və sevincli olsun".

Qeyd edək ki, ARB televiziyasında yayımlanan və Fikrət Dəmirovun manyak obrazını canlandırdığı 8 serialı ilə bağlı bir məsələ gündəmə gəlmişdi. Serialın ilk bölümü qeyri-etik ifadələrə görə müəyyən səbəblərdən həm efirdə, həm də YouTube platformasında dayandırılmışdı. Xalq artisti bu barədə də fikrini bildirib:

"Bu, vəziyyətdən asılı olan məsələdir. Hikmət çox təbii, səmimi aktyordur, həm də olduqca istedadlı insandır. Mən onun “Alatava” layihəsinə də baxmışam, pərdəarxası qurduğu tamaşaları da izləyirəm. Ümumilikdə bu filmləri maraqla izləyirəm və onlara böyük rəğbət bəsləyirəm. Niyə? Çünki elə vəziyyətlər olur ki, insan emosiyalarını gizlədə bilmir. Bəzən istər-istəməz deyirsən: “Axı belə olmaz. Mən artıq boğaza yığılmışam. Mən də insanam, mən də qadınam. Ayıb olsun sənə! Utanmadın məni bu vəziyyətdə qoymağa?” Bu, aktyorun obrazdan irəli gələn reaksiyasıdır. Bəli, həmin səhnələrdə müəyyən ifadələr montaj edilə bilərdi. Amma bu gün tamaşaçıların əksəriyyəti “Eşref Rüya” serialına baxır. Orada Əşrəfin ən yaxın dostlarından biri qeyri-etik ifadə işlətdi və həmin hissə kəsilmədi. Niyə? Çünki real vəziyyət bunu tələb edirdi və həyatın içindən gəlirdi. Məhz buna görə mən bu mövqenin tərəfdarıyam. ARB-yə qarşı düzgün addım atılmadı. Ola bilər ki, montaj edən şəxs sənət adamı olduğu üçün həmin səhnəyə toxunmayıb. Xüsusilə qeyd etmək istəyirəm ki, rəssamımız Vüsalı teatrda tapdığımız üçün çox sevinirik. Qulamov onu təxminən 8 ay axtarmışdı. Vüsal son dərəcə məşğul sənətkardır. Qarabağ mövzusundan tutmuş, bir çox dəyərli əsərlərimizin səhnə quruluşlarını məhz o həyata keçirir".

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.