Onu “Ad günü”ndən sonra sevdik... Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hazırda ölkəmizin ən titullu, ən populyar 5-6 aktyorundan biridir Hacı İsmayılov. Onu hər birimiz “Ad günü” filmindən sonra sevdik... Hətta çoxumuz ona obrazının adı ilə - Mustafa deyə müraciət etdik. Və o, növbəti obrazları ilə bu sevgini qoruyub saxlamağaı bacardı.

Bu gün onun doğum günüdür, Ömrünün 82-ci baharına qədəm qoyur.

 

Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib.

Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.

"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb. 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub.

 Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.

 

Teatr səhnəsindəki rolları

- İkinci Qulam və İbn Tahir ("Xəyyam", Hüseyn Cavid)

- Dördüncü qaçaq ("Mahnı dağlarda qaldı" İlyas Əfəndiyev)

- Muradalı ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev)

- Fariz ("Büllur sarayda" İlyas Əfəndiyev)

- Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev)

- Kişi ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)

 

Filmoqrafiya

- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)

- Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Mustafa

- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — filmi səsləndirən: Şahin (Elxan Quliyev)

- Ağasadıq Gəraybəyli (film, 1974)

- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: kəndli; filmi səsləndirən: kəndli

- Alman klinikasına şəxsi səfər (film, 1988)

- Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)

- Anın quruluşu (film, 1980)

- Apardı sellər Saranı (film, 1996)

- Arayış (film, 1986)

- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)

- Aşkarsızlıq şəraitində... (film, 1986)

- Atamın sənəti (film, 1980)

- Atayevlər ailəsi (film, 1978)

- Babamızın babasının babası (film, 1981)

- Bağlı qapı (film, 1981)

- Belə də olur (film, 1988)

- Belə lazımdır (film, 1982)

- Bəxtəvər (film, 1984)

- Bəyin oğurlanması (film, 1985)

- Bir anın həqiqəti (film, 2003)

- Bizim qəribə taleyimiz (film, 2000)

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.