Müharibə cəbhəsi və incəsənət cəbhəsi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizə kimdən deyim, bu gün doğum günü – 60 illik yubileyi olan Sərvər Əliyevdən. O Sərvər Əliyevdən ki, həm cəbhədə vuruşub, həm aktyor kimi, həm rejissor kimi uğurlar qazanıb.

 

Sərvər Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980–1982-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb.

İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub.  Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb.

İnstitutun 1-ci kursunda oxuyarkən kurs rəhbəri ona heç bir rol vermir. 2-ci kursun ortasında kurs tamaşasındakı əsas rolu ifa edən tələbə xəstələndiyindən Nəsir Sadıqzadə Nazim Hikmətin "Qəribə adam" tamaşasındakı Nəcəf bəy obrazını Sərvər Əliyevə həvalə edib.

Onun ifası müəlliminin çox xoşuna gəlir. Son kursda oxuyarkən Stratiyevin "Avtobus" tamaşasında baş rolu – Ağıllı obrazını Nəsir müəllim Sərvər Əliyevə verib. Onun bu işi də olduqca uğurlu alınıb və imtahan komissiyasının üzvləri Sərvərin səhnə üçün doğulduqlarını vurğulayıblar.

Sərvər Əliyevin İnstitutu bitirdiyi illər müharibə dövrünə təsadüf edib. 1990-cı ildə o, Sədərək rayonuna döyüşə yollanıb. 1993-cü ilə qədər müəyyən fasilələrlə cəbhəyə gedib qayıdıb. Həmin illər ərzində Asif Ağayevin təşkil etdiyi "Meydan" teatrında da fəaliyyət göstərib.

Sərvər Əliyev 1993-cü ilin noyabr ayında mərhum rejissorumuz Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında aktyor ştatına qəbul olunub və teatrın fəaliyyətinin son gününə qədər bu sənət ocağında çalışıb. Burada bir sıra maraqlı və yaddaqalan obrazlar ifa edib.

 

Sərvər Əliyev sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirərək orada H. Cavidin "Şeyx Sənan" faciəsində Şeyx Sədra, S. S. Axundov və A. Şaiqin "Qaraca qız" tamaşasında Piri baba, Hamsonun "Viktoriya" əsərində Mülkədar obrazlarını ifa edib. Ayrıca bir sıra tamaşalarda da ikinci rejissor kimi fəaliyyət göstərib.

 

Filmoqrafiya

- Salur Qazanın evi talandığı boy (film, 2001)

- Bir anın həqiqəti (film, 2003)

- Cavid ömrü (film, 2007)

- Böhtan (film, 2008)

- Cavad xan (film, 2009)

- Vəsiyyət (film, 2011)

- Həyat varsa (serial, 2012)

- Məhkumlar (serial, 2012)

 

2014–2017-ci illərdə Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub. 2017-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına, 8 dəfə Prezident mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.