O, doğum günü tarixini sevmir Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Doğum günü 20 yanvar gününə düşənlər özlərini bəxtsiz hesab edirlər. Eyhnən, 26 fevralda doğulanlar kimi. Əlbəttə ki, rəsmi matəm günü, ümumxalq hüzn günü şənlənmək əsla mümkün deyil.

Belə tale yaşayanlardan biri də bu gün 86 yaşı tamam olan Xalq artisti Cənnət Səlimovadır.

 

Cənnət Səlimova 20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962–1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb.

Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərib. Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

 2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərib. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir.

 

Cənnət Səlimova ilə bir müsahibə diqqətimi çəkdi. Kulis.az saytına verilən bu müsahibədə maraqlı məqamlara toxunulur.

 

-Mən gələndə "Aşıq Qərib"i oxuyurdunuz...

+Təsadüfən oxuyuram. Bilirsiniz, elə bir həzdir ki, ustadnaməni oxumaq... Giriş... Müdrik fikirlər. ...Mənim rəfiqəm var, Tahirə Cəfərova - məşhur tərcüməçidir. Finlandiyada yaşayır. O, çox böyük iş görüb. Nizamidən, Nəsimidən, Füzulidən başlayaraq seçilmiş Azərbaycan poeziyasını fin dilinə tərcümə edib və "Azərbaycan poeziyası antologiyası"nı fin dilində nəşr etdirib.

Bu əsərlər finlərin elə xoşuna gəlib ki, onlar radio və televerilişlər ediblər. İndi o, uşaqlar üçün Azərbaycan xalq nağıllarını tərcümə etmək istəyir. Məsələn, "Daşdəmirin nağılı". O, "Dədə Qorqud"u da götürmüşdü. "Dədə Qorqud" çox böyük, çox dərin bir kitabədir. Məncə, kiçik yaşlı uşaqlar üçün deyil. Ona təklif vermək üçün dastanlarımızı oxuyuram.

-"Riçard"ı təqdim etdiniz. Bu ərəfədə nə edirsiniz? Dincəlirsiniz, yoxsa?

+Yox. Dincəlmək xoşuma gəlmir. Çoxlu oxuyuram. Tamaşa üçün əsər seçməyə bəzi parametrlər vacibdir. İlk növbədə bu, bizim tamaşaçıya maraqlı olmalıdır. Aliyə, əzizim, mən abstrakt, mücərrəd və ya eksperiment tamaşalar etmirəm. Sağ əlinlə sol qulağını qaşıyan, mücərrəd tamaşalar... Bu, nəyə lazımdır? Bəyəm tamaşaçı sənin eksperimentlərini anlayır? Ekspriment tamaşalara nifrət edirəm.

Mən öz tamaşaçımı sevirəm. İstəyirəm ki, tamaşaçı məni başa düşsün, mənə yaxın olsun. Tamaşaçı uşaq kimidir, o, gözləyir ki, mən ona nə verəcəm. 80 yaşlı tamaşaçı da uşaq kimidir. O, gözləyir: bilməliyəm ki, bu uşağa indi nə lazımdır. Mənə lazım deyil, uşağa hər gün şirniyyat, qənnadı verim. Çox da uşaq bunu sevir.

 Sabah onda şirniyyatdan diatez yarana bilər. Mən də tamaşaçıya hər gün əyləncə verə bilmərəm, onun diatezi yaranar... Bu, işin bir tərəfi. İkinci, aktyorlar haqqında düşünməliyəm. Bilirsiniz, onların talantını inkişaf etdirmək lazımdır, istedadlı aktyora qida vermək haqda düşünməliyəm.

 Üçüncü də, bilməliyəm ki, teatr nə edə bilər? İndi dövlət sifarişi yoxdur. Əksər aktyorlar iş axtarırlar, çəkiliş axtarırlar. Məvacib qəpik-quruşdur. Bəzisinin iki, bəzisinin üç uşağı var. Onları yedirmək lazımdır. Çoxlu iştirakçısı olan pyes götürmək lazım deyil ki, onların vaxtını alasan.

-Aktyorlar rol üstündə inciyir sizdən? Mən reportaja gələndə bir aktyor sözü yox idi deyə incimişdi..

+Heç kim aktyora vəd verməyib ki, o, yalnız baş rollarda oynayacaq. Bu onun seçimidir. Məgər mən demişəm ki, get aktyor ol? Hələ heç kimə məsləhət görməmişəm ki, get aktyor ol. Hamıya deyirəm ki, əgər mümkündürsə, aktyor olma. Çünki, bu, çox asılı sənətdir. Aktyor qadın kimidir, həmişə xoşa gəlməlidir.

 Yaxşı, xoşuna gəlməsə, onda necə? Ona görə hamıya deyirəm ki, aktyorluğa getmə. Əgər teatrsız yaşaya bilmirsənsə... Bu başqa məsələ... Teatra sevgi yalnız baş rollarda oynamaqla olmur. Əgər doğrudan sevirsənsə, teatrda süpürgəçi işləmək də xoş olur. Aktyor tamaşaçı ilə üzbəüz qalır. Amma rejissor kürəyi ilə tamaşaçını hiss edib tamaşanı hazırlamalı, aktyorlara rol bölməlidir.

 

-Həyatınızda sizi ruhlandıran, sizə böyük təsir göstərən, itkisi çox böyük olan kəs, ya da kəslər olubmu?

+Olub əlbəttə, həm də çox. Amma onların çoxu kitabdadır. Kimsə məni Tolstoydan artıq təsirləndirə bilməyib. Bu yaxınlarda "Etiraf"ı yenidən oxudum. Heyrətləndim, sarsıldım, təsirləndim... Hələ Dostoyevski, Çexov, Şekspir... Şekspir nəhayətsiz dünyadır. Onda hər dəfə bir yeni şey tapırıq...

"III Riçard"da Şekspir deyir: mən kralam, bütün dövlət mənimdir. Mən nədən qorxmalıyam? Səma boşdur, heç nə, heç kim yoxdur. Amma Riçardın son günlərini görəndə başa düşürsən ki, Allah var. Hitler üçün də Allah var. Hitler soyuq sement döşəmədə kalium sianidi - zəhəri içəndə, it kimi gəbərəndə Allah var idi.

 Beriyanı divara söykəyib güllələyəndə var idi. Stalin öləndən iki gün sonra belə ona kimsə yaxın durmurdu... Şekspir də deyir ki, dünya beş günlük deyil, biz burada indi nə ediriksə, nə vaxtsa hardasa buna görə cavab alırıq. Əks halda Lev Tolstoyun yazdığı kimi insanın həyatı mənasız olardı.

Yəni, bu yoxsa, yeyib içib, doğub törəyən insanın nə mənası var? Yalnız qurd-quşa yem olmaq üçünmü yaşayır insan? Tolstoy deyir ki, yalnız inanc insanı başqasına xeyirxahlıq etməyə, köməksizə əl uzatmağa məcbur edə bilər.

 

Quruluş verdiyi əsas tamaşalar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

- "Aydın" — (C.Cabbarlı)

- "Şeyx Sənan" — (H.Cavid)

- "Hekayəti xırs quldurbasan" — (M.F.Axundzadə) (2009)

- "Məkkəyə gedən yol" — (C.Məmmədquluzadə)

- "Cəsur qurbağa balası" — (L.Ustinov)

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı:

- "Fərhad və Şirin" — (S.Vurğun)

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı:

- "Söyüdlər ağlamaz" — (Ə.Bədəlbəyli)

- "Sevil" — (F.Əmirov)

- "Traviata" — (C.Verdi)

- "Məsxərəçilər" — (C.Leonkovallo)

- "Bohema" — (C.Puççini)

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı:

- "Silva" — (İ.Kalman)

- "Bayadera" — (İ.Kalman)

- "Maritsa" — (İ.Kalman)

- "İddialı qaraçı" — (İ.Kalman)

- "Şən dul qadın" — (F.Leqar)

 

Azərbaycan Dövlət Rus Dram Teatrı:

- "Vanya dayı" — (A.P.Çexov)

- "İdiot" — (F.M.Dostoyevski)

- "Kuraj ana və onun uşaqları" — (B.Brext)

- "İvanov" — (A.P.Çexov)

 

Bakı Kamera Teatrı:

- "Qodo həsrətində" — (S.Bekket)

- "Ezop" — (G.Fiqeyredo)

- "İtlər" — O.Kazımi, İ.Fəhmi)

- "Hekayəti- xırs quldurbasan" — (M.F.Axundov)

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. "Şərəf nişanı" ordeni

3. "Azərbaycan Respublikası xalq artisti" fəxri adı

4. "Şöhrət" ordeni

5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

6. "Şərəf" ordeni

7. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.