İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İkinci dünya müharibəsinin qızğın çağı.
Cəbhədə mərd döyüşçülərimiz Hitler Almaniyasının qarşısında sipər şəkib, arxa cəbhədə isə mədəni həyat bir an da olsa səngimir. Çünki, mənəvi ruh qələbə üçün vacibdir, bu ruhu isə mədəniyyət verir.
O dövrdə Bakıda tetar tam güclə fəaliyyətdəydi. 17 iyun 1943-cü ildə isə bu sahədə mütərəqqi hadisə baş verdi. Tanınmış, sevilən rejissora Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verildi…
Azərbaycan teatrının tanınan rejissorlarından olan Ələsgər Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada təhsil məktəbinə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub.
Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb.
Həmçinin Akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib. Ancaq orada oxumaq ona iki il sonra nəsib olub. Buna görə Bakıya qayıdaraq aktyor işləyib. Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında islahatçı rejissor Vsevolod Meyerxoldun kursunda iki il təhsil alıb. Ali rejissor diplomu ilə Bakıya gələndə Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub.
Az sonra Azərbaycanın kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltınək məqsədilə Bakıda kolxoz-sovxoz Teatrı yaranıb və oranın bədii rəhbərliyi Ələsgər Şərifova tapşırılıb. Səyyar fəaliyyət göstərən kollektiv ilin üç-dörd ayını Bakıda olub tamaşalar hazırlayır, sonra həmin repertuarla rayonlara gedib tamaşalar göstərirdi. Gənc rejissor həmin teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", Sabit Rəhmanın təbdil etdiyi "Varlı gəlin", Cəfər Cabbarlının "Almaz", "Sevil", "Yaşar" pyeslərinə quruluşlar verib.
Ələsgər Şərifovun tamaşaya hazırladığı pyeslər içərisində tərcümə əsərləri ayrıca yer tutur:
- Aleksandr Ostrovskinin "Cehizsiz qız" (1939, 1945 və 1979. Tərcüməçi Ənvər Məmmədxanlı)
- "Tufan" (1943. Tərcüməçi Ənvər Məmmədxanlı)
- "Günahsız müqəssirlər" (1948. Tərcüməçi Rza Təhmasib)
- Aleksey Kapler və Zlotoqorovanın "Lenin" (1940. Tərcüməçi Nigar Rəfibəyli)
- Tur qardaşları və Lev Şeyninin "Gizli döyüş" (1944. Tərcüməçi Mikayıl Rəfili)
- Boris Çirsikovun "Qaliblər" (1947. Tərcüməçi Rza Təhmasib)
- Anatoli Boryanovun "O tayda" (1949. Tərcüməçi Ənvər Məmmədxanlı)
- Georgi Mdivaninin "Kimdir müqəssir?" (1949. Tərcüməçi Sabit Rəhman)
Bu tamaşalara verdiyi quruluşlar böyük bir aktyor nəslinin yaradıcılığında mühüm əhəmiyyət daşıyıb. Ələsgər Şərifov uzun illər Milli Dram Teatrının baş rejissoru olan Ədil İsgəndərovla birgə Rəsul Rzanın "Vəfa" (1943), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (1945), Hüseyn Cavidin "Şeyx Sənan" (1956), Cabbar Məcnunbəyovun "İliç buxtası" (1958), Tofiq Kazımovla isə yuqoslav dramaturqu Branislav Nuşiçin "Nazirin xanımı" (1970. Tərcüməçi Tofiq Kazımov) tamaşalarını hazırlayıb.
Gənc Tamaşaçılar Teatrında Mirmehdi Seyidzadənin "Qızıl quş" pyesini tamaşaya hazırlayıb. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Səməd Vurğunun "Xanlar" (1940) və Nikoİay Poqodinin "Kreml saatı" (1941) əsərlərinə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" (1958) faciəsinə əlvan və parlaq quruluşlar verib. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı”, iki “Şərəf nişanı” ordeni və bir neçə medallarla təltif edilib
O, qeyd etdik, 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 1982-ci il sentyabrın 9-da Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)


