İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
90-ların sonu 2000-lərin əvvəllərində Azərbaycanda bir KVN – Şən və Hazırcavablar Klubu bumu yaşandı, onda ki, Bakılı oğlanlar komandası MDB üzrə əsrin çempionu oldu. Komandanın başında Anar Məmmədxanlı dayanırdı, onun vəfatından sonra estafeti Tahir İmanov qəbul etdi. Bu gün də onun doğum günüdür. Əlbəttə ki, dogma qardaşı, KVN-in parlaq ulduzu Cabirin qəfil və vaxtsız vəfatından sonra Tahir hələ də sarsıntı içindədir, ad günü kimi xırda təsəllilər də onu ovunduran deyildir, hər halda, haqqında oxucularımızı məlumatlandırmaq qərarına gəldik.
Tahir İmanov 12 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 1996-cı ildə həmin universiteti bitirib. İxtisasça iqtisadçıdır. 1991–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub.
1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olub. 2001-ci ildə "Planet Parni iz Baku" KVN teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri, rejissoru və aktyorudur.
Filmoqrafiya
- Bir anın həqiqəti (film, 2003)
- Durnalar qayıtdı (film, 2003)
- Məhəllə (film, 2003) — rol: Rövşən (Roşka)
- Məhəllə 2 Moskvada (film, 2004) — rol: Rövşən (Roşka)
- Tam məxfi (film, 2004)
- Məşədi İbad-94 (film, 2005) — rol: Sərvər
- Nümunəvi şagird (film, 2006)
- Vərdiş (film, 2006)
- Bir kəndin sevinci(serial 2012)-rol:Kamran
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
- Ögey ata (film, 2013)
- Ağanatiq (film, 2017)
Və mütləq xatırlatma edək ki, Tahir obrazları çox mükəmməl yaradır. Xüsusən, sabiq Bakı meri Hacıbala Abutalıbovun obrazı olduqca sevilib, hədsiz populyarlıq qazanıb. Hətta lətifə də var ki, Hacıbala müəllim ekranda Tahirin yaratdığı obrazını gördükdən sonra özünü obrazına uyğunlaçdırmağa başlayıbdır...
“Ədəbiyyat və incəsənət”
(13.12.2025)


