İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təbii ki, aktyor Xalq artistliyinə kimi yüksəlibsə, bu onun yüksək peşəkarlığından və ustalığından xəbər verir.
Bu gün doğum günü olan mərhum aktyorumuz Elxan Ağahüseynov barədə danışacağıq.
Xalq artisti Elxan Ağahüseynov 8 dekabr 1942-ci ildə Bakıda anadan olub. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilib. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyoru olub. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb.
Ən müvəffəqiyyətli rolları:
- Varri ("Antoni və Kleopatra", V.Şekspir)
- Reynaldo ("Hamlet", V.Şekspir)
- Təlxək ("Heç nədən hay-küy", V.Şekspir)
- Birinci aktyor (Kral) ("Hamlet", V.Şekspir)
- Hersoq Kornuel ("Kral Lir", V.Şekspir)
- Eyiden ("Orlean qızı", F.Şiller)
- Kürd Musa, Zülfüqar və İbrahim xan ("Vaqif", S.Vurğun)
Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tele-tamaşada oynayıb. Bunlardan S. Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir), S. Dağlının "Sabiqlər" (Müdir), "Adı sənin, dadı mənim" (Nəzarətçi), S. Rəhmanın "Şirin bülbül" (Sərnişin), İ. Əfəndiyevin "General" (Zabit), M. F. Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı) pyeslərinin tamaşalarını göstərmək olar.
Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" kimi bədii filmləridə də çəkilib. Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü olub.
Aktyor 2 avqust 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.12.2025)


