“Yer və Ay” animasiya filminin premyerası olacaq Featured

İkinci “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı, 16-cı Bakı Beynəlxalq Film Festivalı, 2-ci ATA – Türk Animasiya Festivalı və O’Market – Şərq Ölkələri Kino Bazarı çərçivəsində bir sıra yerli və xarici animasiya filmlərinin nümayişləri və digər tədbirlər təşkil olunacaq. 

 

Tədbirlərdə yüzdən çox xarici qonaqların iştirakı gözlənilir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu AzərTAC-a açıqlamasında Azərbaycan Animasiya Assosiasiyasının sədri, “ANİMAFİLM” Studiyanın və “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev deyib. 

“Azərbaycan animasiya kinosu tədbirlərdə təmsil olunacaq. Belə ki, dekabrın 6-da Nizami Kino Mərkəzində, ATA Festivalı çərçivəsində “Bum-bum” animasiya filminin təqdimatı keçiriləcək. Nümayişdən sonra filmin komandası ilə müzakirə təşkil olunacaq. “Bum-bum” animasiya filmi Azərbaycan Animasiya Assosiasiyası tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və “ANİMAFİLM” Studiyasının məkan və texniki dəstəyi ilə istehsal olunub. Dekabrın 7-də isə Nizami Kino Mərkəzində, ATA Festivalı çərçivəsində “Yer və Ay” animasiya filminin premyerası olacaq. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə müzakirə keçiriləcək. “Yer və Ay” animasiya filmi “DIP Animation” (Özbəkistan) və “PERİ FİLM” (Azərbaycan) şirkətləri tərəfindən, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA), “DIP Animation” və “ANİMAFİLM Studio” maliyyə və texniki dəstəyi ilə istehsal olunub”, - deyə Rəşid Ağamalıyev bildirib.

O qeyd edib ki, dekabrın 8-də Nizami Kino Mərkəzində, Bakı Beynəlxalq Film Festivalı çərçivəsində “Narqız” animasiya filminin təqdimatı olacaq. Nümayişdən sonra çəkiliş heyəti ilə müzakirə təşkil ediləcək. “Narqız” animasiya filmi Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və “PERİ FİLM”studiyasının maliyyə dəstəyi ilə “PERİ FİLM” şirkəti tərəfindən istehsal olunub. Həmçinin dekabrın 8-9-da Bakı Konqres Mərkəzində O’Market – Şərq Ölkələri Kino Bazarında Azərbaycan Animasiya Assosiasiyasının stendi nümayiş olunacaq. O’Marketdə Azərbaycanda fəaliyyət göstərən prodakşn şirkətləri ilə yanaşı, Türkiyə, Misir, Qazaxıstan, Çin, Pakistan, Polşa, Özbəkistan, Gürcüstan, Serbiya və Qırğızıstandan olmaqla, ümumilikdə 45-dən çox xarici şirkət və sənaye nümayəndəsinin iştirakı gözlənilir.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi və ARKA tərəfindən təşkil olunan “Bakı Cinema Breeze” Beynəlxalq Film Festivalı 30-dan çox ölkədən iştirakçıları qarşılayacaq, 100-dən çox xarici qonağı qəbul edəcək, müxtəlif yanaşmaları və baxış bucaqlarını təmsil edən 50-dən çox filmi nümayiş etdirəcək. Festival çərçivəsində ATA – Türk Animasiya Festivalı, 16-cı Bakı Beynəlxalq Film Festivalı, O’Market – Şərq Ölkələri Kino Bazarları, İslam Ölkələri Günləri və CinemaTalks sənaye panelləri keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.