Sənətə sevgi onu İrəvana aparmışdı... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yenə o qarışıq illərdən – ardıcıl, 3-4 il ərzində 3 quruluşun dəyişdiyi – çarizm, cumhuriyyət və sovet dönəmində cərəyan edən hadisələrdən və o dövrün daha bir sənət qəhrəmanından danışacağıq.

 

Yaradıcılığının əsas mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşına kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub. Ədəbiyyata, dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub. Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada iyirminci illərdə bütün SSRİ-də dəbdə olan "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub.

Təhsilinə davamiyyətli şəkildə yiyələnən Əşrəf Yusifzadə eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin "Zorən təbib" komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib.

Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanan Cəfər Cabbarlının "Aydın" (Dövlət bəy), Qabriel Sundukyanın "Pepo" (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb. 1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb.

Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını cəsarətlə çəkən, demək olar, bütün qəhrəman və əsas rolları oynayan barınaqla sayılacaq aparıcı aktyorlardan biri də Əşrəf Yusifzadə olub. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram və hörmətini qazanıb, kollektivin populyar aktyoru kimi sevilib. Teatrda tamaşalar hazırlayan rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları Əşrəf Yusifzadə ifa edib.

 

Filmoqrafiya

- Hacı Qara (film, 1929)

- Səhər (film, 1960)

 

Təltif və mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

 

Əşrəf Əmrah oğlu Yusifzadə 1963-cü il mart ayının 7-də Gəncə şəhərində vəfat edib və buradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.