İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onda qanlı-qadalı illər idi, bolşevik istilası ilə Cumhuriyyətimiz yenicə devrilmişdi. Amma mədəni həyat əsla tükənməmişdi, mədəniyyət hər vəclə bu işğala öz etirazını bildirirdi...
Azərbaycan SSR xalq artisti Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. S. M. Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub.
Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedib. Kənd zəhmətkeşləri qarşısında çıxış edib .
1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-Cadu" əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaradıb.
Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynayıblar. Bu səbəbdən də Üzeyir Hacıbəyov, Müslüm Maqomayev çalışıblar ki, geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva daim opera səhnəsində çıxış etsin, amma o dövrdə elə bir vəziyyət yaranıb ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrı səhnələrində müntəzəm çıxışını zərurətə çevirib. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradıb və yaxud komik surətə çevrilib.
İkinci Dünya müharibəsi zamanı həmkarları ilə birlikdə cəbhədə azərbaycanlı əsgərlərin yanında olan Sona Hacıyeva məlahətli səsi və xoş avazı ilə döyüşçüləri qələbəyə ruhlandırıb. Tamaşadan-tamaşaya Sona Hacıyevanın yeni yaradıcılıq imkanları üzə çıxıb. Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafında öz töhfəsini verib.
Filmoqrafiya
- Prima
- Səhər
- Bəxtiyar
- Bismillah
- Əmək və qızılgül
- Qızmar günəş altında
- Min birinci söz
- O olmasın, bu olsun
- Telefonçu qız
Sona xanım 4 dekabr 1979-cu ildə vəfat edib. 2017-ci ildə Şəkidə aktrisanın 110 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.12.2025)


