İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İndi haqqında danışacağım şəxs - Məmməd Bürcəliyev 1944–1945-ci illərdə Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru da Məmməd Bürcəliyev olub. Bu gün bu Filarmoniya müvəffəqiyyətlə gəncəlilərin xidmətindədir.
Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədilə Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932–1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qaleriyası yaradıb.
1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb. Həmçinin Məhəmməd Bürcəliyev 1991-ci ildən 1994-cü ilədək Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar şöbəsinin sədri olaraq fəaliyyət göstərib. 1967–1968-ci illərdə N. K. Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirib. 1948-ci ildə M. Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. Məmməd Bürcəliyevin "Yadigar" pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilən "Müasir dramaturqların əsərlərinə baxış" festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin Məmməd Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.
Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaradıb. "Od gəlini"ndə Altunbay, "Aydın"da Səlim, "Nəsrəddin şah"da Cavad xan, "1905-ci ildə"də Qubernator, "Almaz"da Şərif, "Səyavuş"da Kərşivaz, "Fərhad və Şirin"də Azər baba, "Otello"da Radriqo, "Vaqif"də İbrahim xan, "Üç qəpilik opera"da Bıcaq Mex, "III-Riçard"da Lord Xestinqs, "Odu atma, Prometey"də Kefest, "Dəli Kür"də Qoca, "Qacaq Nəbi"də Koxa Məmməd, "Qəribə dilənci"də Qeyza Qaliba və s. obrazları onun yaradicılığının əsasını təşkil edib.
Cəlil Məmmədquluzadənin "Ölülər", Teymur Məmmədovun "Ürək yanarsa", Altay Məmmədovun "Həmyerlilər" və "Bəraət", Tofiq Mahmudun "Onunçular", Sabit Rəhmanın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", Şəfaət Mehdiyevin "Mirzə Fətəli", Rəsul Həmzətovun "Dağlı qizi", Yusif Əzimzadənin "Anacan", Abdulla Şaiqin "Tülkü həccə gedir" pyeslərinə quruluş verib.
M. Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaradıb. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir.
O, 24 iyul 1955-ci ildə "respublikanın əməkdar artisti", 20 may 1958-ci ildə isə "xalq artisti" fəxri adlarına layiq görülüb
Filmoqrafiya
1. Mən ki gözəl deyildim
2. Dəli Kür- Allahyar
3. Firəngiz
4. Gözlə məni
5. Köhnə bərə
6. Qəm pəncərəsi
7. O dünyadan salam
Məmməd Bürcəliyev 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib. Bu gün onun anım günüdür.
Və mən çox istərdim, bu gün onu ən azı Gəncə Filarmoniyasının vestibülünə fotosunu qoymaqla ansınlar.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.11.2025)


