Xalq artisti Əjdər Həmidovun anım günüdür Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Kişi sözü” filminə kim baxmayıb ki? Şübhəsiz, əksəriyyət də Qasım obrazını bəyənib. Bu obraz bu gün anım gününü qeyd etdiyimiz Xalq artisti Əjdər Həmidovun vizit kartı hesab edilə bilər.

 

Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Əjdər Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb

Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.

Əjdər Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaradıb.

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevrib. 2006-cı ildə çəkilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 7 dəfə Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Aramızda qalsın

2. Azarkeş

3. Canavar balası

4. Hər şey yaxşılığa doğru

5. Yoxlama

6. Yerlə göy arasında

7. Tənha durna uçuşu

8. Şirin bülbül

9. Təlatüm

10. Sahilsiz gecə.

 

Əjdər Həmidov 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.