Azərbaycan kinosunun unudulmaz operatoru və rejissoru Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəıli. Kinomuzun tarixinə öz adını əbədi yazdırmış böyük operatrumuz və  rejissorumuzdur Rasim Ocaqov. Kinomuzun qızıl dönəmində - 50-ci illərdə çəkdiyi şedevr filmlər indi də sevə-sevə izlənilir, gələcəkdə də izlənəcəkdir.

 

Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.

50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi Rasim Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunub.

Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalan "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişib, ssenarini yenidən işləyib. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırıb. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edilib. Onun ikinci rejissor işi "Tütək səsi" filmi olub.

"Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü" , "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində Rasim Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırıb.

 

"Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunub, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açıb.

 

Tammetrajlı bədii filmlər

- Rejissor kimi

1. Qatır Məmməd

2. Tütək səsi

3. Ad günü

4. İstintaq

5. Bağlı qapı

6.Təhminə

7.Otel otağı

 

- Operator kimi

1. Bir məhəllədən iki nəfər

2. Onun böyük ürəyi

3. Əsl dost

4. Bizim küçə

5. Əmək və qızılgül

 

- Bədii rəhbər kimi

Əlavə iz

Süd dişinin ağrısı

Məhkumlar

 

- İkinci rejissor kimi

Sən niyə susursan?

 

- İkinci operator kimi

Uzaq sahillərdə

 

 

"Sənədli filmlər"

- Rejissor kimi

1. Bakı bu gün

2. Abidələr danışır

3. Dağıstan konserti

4. Çiçək yağışı

 

- Operator kimi

1. Bakı bu gün

2. Məhəmməd Füzuli

3. Abidələr danışır

 

Mükafatları

1. Azərbaycan SSR xalq artisti

2. Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Rasim Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.