Bu gün Xalq artisti Amalya Pənahovanın anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun səhnəmizdə xüsusi yeri olubdur, yoxluğunda belə həmin yer qorunub qalmaqdadır. Yaratdığı çoxsaylı, müxtəlif xarakterli obrazlarda, yetişdirdiyi tələbələrdə, yaratdığı Bələdiyyə teatrında, qazandığı nüfuz və mükafarlarda adı böyük hərflərlə keçir.

 

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilib.1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışıb.

 

Filmoqrafiya

1. Əhməd haradadır?

2. Cazibə qüvvəsi

3. İstintaq davam edir

4. Sən niyə susursan?     

5. Qanun naminə

6. Bizim Cəbiş müəllim 

7. O qızı tapın

8. Ən vacib müsahibə     

9. Gün keçdi

10. Var olun qızlar

 

Bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.