İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir dəfə bir qubalı rəfiqəmdən sruşdum ki, ən çox sevdiyin qadın aktrisası kimdir. Dedi, Amalya Pənahova və Zərnigar Atakişiyeva. Ardınca soruşdum, bəs qubalı aktrisalardan kimi tanıyırsan, dedi, heç kimi. Onda dedim, ay mənim əzizizm, Zərnigar Ağakişiyeva elə qubalıdır da. Bəli, çox təəssüf ki, biz ustad, tanınmış sənətkarlarımızın şəxsi həyatları barədə əsasən məlumatsızıq.
Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.
Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Aktrisa yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə, realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb:
1. Tatyana (M.Qorki "Meşşanlar")
2. Xuraman (S.Vurğun "Vaqif")
3. Dilbər ( C.Cabbarlı "Sevil")
4. Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır")
5. Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?")
6. Zivər (Anar "Təhminə və Zaur")
7. Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan")
Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb olub. 7 ildən sonra o dönəmdə mədəniyyət nazirinin müavini olan, sənətə və sənətçilərə, xüsusən teatr cameəsinə hədsiz diqqət və qayğı göstərən Ədalət Vəliyevin dəvəti ilə yenidən teatra qayıdıb. Və bundan sonra Zərnigar xanıma sanki ikinci nəfəs gəlib, o. teatrımızın qızıl fonduna yeni-yeni rollar bəxş edibdir.
Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə də çəkilib. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollar ifa edib.
Filmoqrafiya
- 777 №-li iş
- Ağ atlı oğlan
- Atayevlər ailəsi
- Bağ mövsümü
- Balaca çoban
Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.11.2025)


