İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
19-cu əsrdən danışaq. O vaxtlardan ki teatr yeni-yeni təşəkkül tapırdı, qadınlar isə ümumiyyətlə teatrda yox idilər. Qadın rolları kişilərə həvalə edilirdi...
Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. 1865-ci ildə Bakıda doğulan Cahangir Zeynalov atası Məşədi Rza Zeynal oğlu ilə birgə tacirlik ediblər. Cahangir bəy ibtidai təhsil alıb, rus və fars dillərini mükəmməl bilib, geniş mütaliəsi olub.
Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi olub, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxıb.
Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itən həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılıb.
1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik edib. Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutub, onlara pul yardımı edib. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırıb. Otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirib.
Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq edib, tamaşalar hazırlayıblar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılıb və xərci Kərbəlayı özü ödəyib.
Cahangir Zeynalovun milli dramaturgiyamızda oynadığı rolların tam olmayan siyahısı belədir: Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"ində Hacı Qəmbər, "Ağa Kərim xan Ərdəbili"də Ağa Kərim xan, "Müsibəti-Fəxrəddin"də Vəli və s.
Cahangir Zeynalovun 4 noyabr 1918-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)


		  	