1901-ci ildə səhnəyə çıxmaq bilirsiniz, nə demək idi? Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qayıdırıq yenə ötən əsrin əvvəllərinə, teatrın, kinonun yeni təşəkkül tapdıqları vaxtlara. Onda ki dini xürafat bu sahələri kufr elan etmişdi, qadınlar ümumiyyətlə o həndəvərlərə ayaq basmaz, kişilər bütün yükü öz üzərilərində daşıyardılar.

 

SSRİ xalq artisti Mirzəağa Əliyevdən danışaq.

Mirzəağa Əliyev 1883-cü ildə Hövsanda kəndli ailəsində doğulub. İlk təhsilini mollaxanada alıb, Bakıda rus-müsəlman məktəbini bitirib. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxıb. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərib. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olub.

Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilib. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar verib.

1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir. Azərbaycan sovetləşəndən sonra Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olub, burada aktual mövzulu kupletlərdə çıxış edib.

 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirib. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi. Kino aktyoru kimi də məşhur olub, "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilib. 

 

Filmoqrafiya

1. Arşın mal alan — Süleyman bəy

2. Bismillah — Molla Mirzə Əbdürrəhim

3. Müxtəlif sahillərdə — Amerikan fəhləsi

4. Hacı Qara — Hacı Qara

5. Məhəbbət oyunu — VVAQ müdiri

6. Almaz — məktəb direktoru Səməndər

7. Arşın mal alan — Məşədi İbad

8. Bakının işıqları — Əlibala

 

Mükafatları

1. "SSRİ xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

4. 2 dəfə "Stalin" mükafatı (2-ci dərəcə)

1)19 mart 1943 (Azərbaycan Dövlət Dram Teatrında Mirzə İbrahimovun "Məhəbbət" dramının tamaşasında Məşədi Qulamhüseyn rolunun ifasına görə)

2) 1948 (Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Nəcəf bəy rolunun ifasına görə)

5. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni

6. "Qafqazın müdafiəsinə görə" medalı

7. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

Böyük aktyr 24 oktyabr 1954-cü ildə vəfat edib. Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir. Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.