“2-ci Uşaq Teatrı Festivalı” keçiriləcək Featured

 

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Azərbaycan Teatr Xadimləri ittifaqı və “Emedia Group” media təşkilatının birgə təşkilatçılığı ilə 2026-cı il 10–17 mart tarixlərində Bakıda "2-ci Uşaq Teatrı Festivalı" keçiriləcəkdir. Tədbir Milli Teatr Gününün 153-cü ildönümünə həsr olunur.

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan İncəsənət Məktəbindən verilən məlumata görə, festival 6–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və Azərbaycanla yanaşı, müxtəlif xalqların nağıllarının səhnə dili vasitəsilə təqdim olunmasını, bu nağılların müasir uşaqların düşüncə tərzinə uyğun şəkildə canlandırılmasını məqsəd kimi müəyyən edir.

Layihənin rəhbəri Fərid Bağırov, ideya müəllifi isə Tural Əliyevdir. Onların rəhbərliyi və yaradıcılıq yanaşması sayəsində festivalın proqramı uşaqların teatr sənətinə marağını artırmaq, onların estetik zövqünü formalaşdırmaq və yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır.

Festival çərçivəsində uşaqlar nağıl qəhrəmanlarını canlandıraraq həm əyləncəli, həm də maarifləndirici səhnə çıxışları ilə tamaşaçı qarşısına çıxacaqlar. Tədbir iştirakçılara komanda ruhunda çalışmağı, səhnə mədəniyyətini və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Bu il festivalın ən mühüm yeniliklərindən biri inklüziv iştirak modelinin tətbiqidir. Belə ki, həssas kateqoriyaya aid uşaqlar da festivalda yer alacaq, digər iştirakçılarla birgə səhnəyə çıxaraq öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər. Bu təşəbbüs inklüziv mədəniyyətin təşviqinə, bütün uşaqların bərabər iştirak hüququnun təmininə və onların cəmiyyətə inteqrasiyasına xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.