Xalq artistinin doğum günüdür Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun pərəstişkarları çoxdur. Teatrımızın ən çox tələb olunan aktyorudur. Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlını deyirəm. Bu gün onun doğum günüdür.

 

1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur. Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir.

 

Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar:

1. Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar)

2. Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev)

3. Ross ("Maqbet", Vilyam Şekspir)

4. Yazon ("Medeya", Jan Anuy)

5. Pavel, böyük ("Gecənin sirri", Anatoli Safronov)

6. Kərim bəy ("Közərən ocaqlar", Mirzə İbrahimov)

7. Muxtar ("Təhminə və Zaur", Anar),

8. Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev)

9. Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev)

10. Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev)

11. Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev)

12. Ayaz Turan ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev)

13. Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun)

14. Aydın ("Aydın", Cəfər Cabbarlı)

15. Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı)

 

"Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 1995-ci ildən 14 fevral 2021-ci ilədək Vətəndaş Həmrəyliyi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini olmuşdur.

Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına, 4 dəfə Prezident Mükafatına layiq görülüb. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülüb

 

Filmoqrafiya

- Absurdistan

- Araqarışdıran

- Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film

- Bəyaz həyat

- Bizim qəribə taleyimiz

- Cavad xan — Cavad xan

- Cavad xan. Filmin filmi

- Cavid ömrü - Əhməd Cavad

- Doğan Günəş

- Ənvər Həsənov. Yeddi oğuldan biri

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.