Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Anar Məmmədxanovdan və Elçin Həmidovdan sonra Cabir İmanovun qəfil vəfatı həm sənət dünyasının, həmdə tamaşaçıların qəlbində sağalmaz yara açdı. Əməkdar artist Cabir İmanovun ötən gün idman zalında infakt keçirdərək dünyasını dəyişməsi xəbəri çoxunu sarsıtdı.
Xəbər beləydi ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Həm aktyor, həm də polis polkovniki olan Cabir İmanov haqqında danışmasaq olmazdı. Cabir Qorxmaz oğlu İmanov 1976-cı ilin 22 İyun tarixində Bakıda anadan olub. O iki dəfə ailə həyatı qurub, üç övladı var. Cabir İmanov 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub, daha sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1997-98-ci illərdə Daxili Qoşunlarda hərbi xidmət keçmiş mərhum aktyor 1999-2018 illər aralığında Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Amma şübhəsiz ki, o, daha çox aktyor idi, qanı aktyorluqla yoğrulmuşdu.
1992-ci ildən "Planeta Parni İz Baku" KVN komandasının üzvü olub, sonradan isə "Planeta Parni İz Baku" teatrında fəaliyyət göstərib. Onun iştirakı ilə çəkilmiş məhşur filmlər arasında "Məhəllə", "Məşədi İbad-94", "Qorxma, mən səninləyəm! 1919", "Bəxt üzüyü-2" kimi ekran işləri var.
Və biz onun mərhum metropoliten rəisi Tağı Əhmədovun rolunu necə ustalıqla yaratmasını yəqin ki heç zaman unuda bilməyəcəyik.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.09.2025)