İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kinomuzda, dublyaj sahəsində uzun illər səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının xalq artisti Xalidə Quliyevanın bu gün 73 yaşı tamam olur.
Mən də qərara aldım ki, aktrisanın ömür-gün yluna birgə tamaşa edək.
Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olub.
Atası neftçi, anası isə evdar qadın olub. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlayıb. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.
Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında çəkilib. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Filmoqrafiya
1. Qızıl qaz
2. Nəsimi
3. Bakıda küləklər əsir
4. Tütək səsi
5. Dörd bazar günü
6. Çətirimiz buludlardır
7. Xoşbəxtlik qayğıları
8. Bir ailəlik bağ evi
9. Anın quruluşu
10. Bağlı qapı
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)