Moşu, işsizlik, krossvordtapma məşğuliyyəti, maşınlardan şikayət, bir də xatirələr… Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

“İyun ayından Mingəçevir Dövlət Dram Teatrından ayrılmışam, artıq işləmirəm. Müqaviləm bitdi, uzatmadım. Sonuncu dəfə tatar yazıçısı Tufan Minnullinin  “Ərməğanlı Ərməndər” əsərini səhnələşdirdim və sonra da işdən ayrıldım.

Bu sözlər 81 yaşlı xalq artisti Valeh Kərimova – hamımızın Moşu kimi tanıdığımız aktyora aiddir.

 

Valeh Kərimov “onu guya işdən çıxarıblar” şayiələrinə də aydınlıq gətirib, bildirib ki, işdən öz istəyi ilə ayrılıb:

“Darıxıram, amma yol uzaq idi, hər dəfə Mingəçevirə gedib gəlmək olmurdu. Yaşım çoxdur, narahatlıqlarım olur. Başımı heç nə ilə qata bilmirəm. Evdə oturub krossvord həll edirəm. Yaxşı ki, krossvord var. Yəqin, respublikada yeganə krossvord yazan mənəm. Çünki indi ona heç kimin marağı yoxdur. Amma mən başımı onunla qatıram.

Həyat yoldaşım 10 ildir rəhmətə gedib, özüm-özümə baxıram. Kaş ki, hamı mənim kimi sağlam və gümrah olsun. Övladlarım da sağ olsun, amma onlara möhtac deyiləm. Zəhmətə öyrəşmiş adamam. Mən boş-bekar qalanda qocalıram, iş görəndə ömrüm uzanır. Televiziyada ancaq xəbərlər proqramını izləyirəm. Köhnə kinolarımıza baxıram, amma təzə kinolara hövsələm çatmır”.

Yeni Yasamalda yaşadığını deyən aktyor ərazidə həyətyanı sahənin olmamasından gileylənir:

“Həyət maşınlardan ibarətdir. Nə bir ağac, nə də bir oturacaq var. Maşınların arası ilə gedib marketdən çörək alıram. Prezident təqaüdü və yaşıma görə pensiya alıram. Dolanmağıma çatır”.

Valeh Kərimov bir çox rolları bir yana, məhz “Bəxt üzüyü” filmində oynadığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşına həkk olunmasını qəbul edir, hətta bunu hər dəfəsində özü də təsdiqləyir.

Bu işsiz qaldığı, həyat yoldaşının xiffətini etdiyi, başını krossvordla qatdığı, həyətdəki maşınların çoxluğundan və ağacsızlıqdan gileyləndiyi bu günlərdə ona həyat stimulu verən xatirələridir, məhz xatirələrinin başında duran Moşu obrazını necə canlandırması,  birdən-birə necə ümumxalq sevgisi qazanmasıdır.

İnsan ömrü elə bu deyilmi? Yaşadıqca gələcək qısalmaqda, keçmişsə uzanmaqdadır.

Elə bu cür də sonuna gedib çıxırsan.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.