Yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilirdi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ağır təbiətli olub, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevib. Zabitəli insan olub. Onunla təmas yaratmaq o qədər də asan olmayıb, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilib.

 

"Köhnə kişilər"in təbiəti var olub onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alıb. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilib və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradıb. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurub. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verib. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan olub. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrilib. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaradıb. Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başlayıb. Hər şeydə yenilik var olub. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaradıb.

Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirib. Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənib. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirib. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olub. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti olub. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilib.

1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi işləyib. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu verib. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var.

1958-ci ildə "Uzaq sahillərdə" (rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbirsizliklə gözləyib. "Qara daşlar", "Məhəbbət dastanı" filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmayıb. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun "26 Bakı komissarı" filmndə çəkilib. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yavratdığı Kərbalayı İsmayıl olub.

 

Filmoqrafiya

1. O olmasın, bu olsun

2. Qara daşlar

3. Bir məhəllədən iki nəfər

4. Uzaq sahillərdə

5. Leyli və Məcnun

6. Əmək və qızılgül

7. Əhməd haradadır?

8. Romeo mənim qonşumdur

9. Zəncirlənmiş adam

10. İyirmialtılar

11. Qanun naminə

12. Axırıncı aşırım

 

Təltif və mükafatları

- "SSRİ xalq artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Stalin" mükafatı (2-ci dərəcə)

- "Lenin" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

- Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı

- Dram teatrları arasında keçirilən festivalın diplomu

Az qala unutmuşdum, Adil İskəndərov 1910-cu il mayın 5-də Gəncədə doğulub, 18 sentyabr 1978-ci ildə Bakıda ürək çatışmazlığından vəfat edib. Bu gün onun anım günüdür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.