İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kino, teatr və teletamaşalarımıza gözəllik, kolorit, maraq gətirən görkəmli aktyorumuz, aramızda olmasa da yeri daim görünən Yaşar Nurinin bu gün doğum günüdür. Yaşasaydı, 74 yaşını qeyd edərdi.
Azərbaycan xalq artisti Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınan aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub.
Bundan başqa O, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.
Şagird Yaşar gözəgörünən fitri istedada malik olub. O, cəld, çevik olub, sıxılmayıb, improvizə edə bilib. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli olub. Uşaq Yaşar rol apararkən gözləri gülüb. O, özü də öz oyunundan zövq alıb.
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınan səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.
İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider olub. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyib, hamı onu "hazır aktyor" sayıb. Yaşarın istedadı yaşından yaşlı olub. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş verib, kinoda isə "Spasibo" filmini çəkib. 2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb, ötüşdürüb.
Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi olub. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılanıb.
Teatr səhnəsindəki rolları
1. Tapdıq
2. Bədəl
3. Silva
4. Pərviz
5. Neznamov
6. Cığatay
7. Səlim
8. Namiq
9. Milan
10. Rəhim
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib. Novxanıdakı bağ evində xatirə muzeyi fəaliyyət göstərir. 2012-ci ildə “Yaşadan, yaşayan Yaşar” adlı tammetrajlı sənədli televiziya filmi ona həsr olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)