“SOY production" şirkətinin qurucularından biri – SƏYAVUŞ HÜSEYNLİ Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimdə bu gün doğulan aktyorlar arasında bir ad da var: Səyavuş Hüseynli. Kifayət qədər tanınmış bir şəxsdir. Mədəniyyətimizə xeyli töhfələr vermiş “SOY production" şirkətinin qurucularından biridir. Onu televiziyadakı çox populyar layihələrin aparıcısı kimi də tanıyırıq.

 

 O, 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakultasinə daxil olub, 1992-ci ildə universiteti bitirib.

1993–1996-cı illərdə hərbi xidmətdə olub. İlk sənət müəllimi görkəmli teatr rejissoru Nəsir Sadıqzadə olub.

Səyavuş Hüseynli 1989-cu ildə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi "Gənclər" teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrın premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" tamaşasında rol alıb. 1993–1994-cü ildə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk heyətin aktyoru olub.

 Sənət müəllimlərindən biri olan Bəxtiyar Xanızadə ilə yaradıcı əməkdaşlıq universitet illərindən başlayıb.  1992–1993-cü illərdə ANS telekanalı ilə əməkdaşlıq edib. Bir sıra əyləncəli proqram və qısametrajlı televiziya filmlərinin yaranmasında aktyor və ssenarist kimi iştirak edib. Məşhur "Tramvay", "Tramvay 2", "Çarli Çaplin", "8 mart" və s. qısametrajlı komediya filmlərində baş rolların ifaçısı və ssenari müəlliflərindən olub.

1996-cı ildə istehsal olunan, A. P. Çexovun hekayəsinin motivləri əsasında çəkilən "Kiçik leytenant" bədii filminin ssenari müəllifi və baş rolun ifaçısıdır. 1997–1999-cu illərdə Space telekanalı ilə əməkdaşlıq edib. Bu müddətdə bir sıra əyləncəli proqramlarda və reklam çarxlarında rejissor, müəllif, aparıcı kimi fəaliyyət göstərib.

1998-ci il noyabrın 3-ü yaranan "SOY production" şirkətinin təsisçilərindən biri və bədii rəhbəridir. SOY şirkətini ilk layihəsi olan "Həftə Çal-çağırı" əyləncəli-informasiya proqramının aparıcısı və müəllifidir. Səyavuş Hüseynli bir çox reklam çarxlarının, irimiqyaslı tədbirlərin, yubileylərin rejissorudur.

 

Təltif və mükafatları

1. Humay

2. Qrand

3. Qızıl Pəri

 

Filmoqrafiya

- Kiçik leytenant

- Qırmızı xətt

- Sirr

- 3 bacı

- Qaynanamız

- Bakı binaları

- Neft daşları

- Təhlükəli nikah

- Təriqət toru

- Narkomaniya

 

Televiziya fəaliyyəti

Quruluşçu rejissor, ideya müəllifi və rəhbəri olduğu televiziya layihələri:

İşdən sonra

Həftə Çal-Çağırı

Qırmızı xətt

Zarafatyana

Çal-Çağır

Çal-Çağır şou

Yeni ulduz

Xalq ulduzu

Burda və indi

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.