Görkəmli aktrisa Vəfa Fətullayevanın 80 illiyinə Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu gün sizə nağıl danımaq istəyirəm. Biri vardı, biri yoxdu, Xəzər dənizinin sahilində Azərbaycan adlı bir sovet sosialist respublikası var idi. Burada insanlar 60 yaşında təqaüdə çıxar, pulsuz mənzil alar, pulsuz müalicə olunar, uşaqlara isə 18 yaşınadək “uşaqpulu” deyilən maddi vəsait ödənilərdi. Bu respublikada xoşbəxt böyüyən uşaqlar çoxuydu. Bu uşaqların arasında Vəfa adında gözəl-göyçək, istedadlı bir qız da vardı, soyadı Fətullayeva idi...

 

…O, 25 avqust 1945-ci ildə Bakıda anadan olmuşdu. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası isə SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovaydı...

Orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alandan sonra Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olmuşdu. 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirmişdi. İlk dəfə- 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırmışdı...

Vəfa xanım 1970-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İşlədiyi dövrlərdə həm teatrda və həm də bədii filmlərdə bir-birindən bənzərsiz insan obrazları yaradıb. Yaradıcılığının çiçəklənən dövründə, 41 yaşında olarkən xərçəng xəstəliyinə düçar olub və 1987-ci il may ayının 21-də vəfat edib. Yaşasaydı, bu gün - avqustun 25-də 80 yaşı tamam olardı. Ruhu şad olsun!

 

...Göydən üç alma düşdü. Biri mənim, biri sənin, qoy biri də Azərbaycan Dövlət Milli Dram Teatrının payına düşsün...

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.