Filmlərimiz - "Bizim küçənin oğlanları" Featured

Murad Vəlixanov, «Ədəbiyyat və incəsənət»

 

1973-cü ildə rejissor Tofiq İsmayılovun ekranlaşdırdığı "Bizim küçənin oğlanları" filmi haqqında söhbət açacağam. Çox zaman Azərbaycan filmlərinə baxanda deyirik ki, “heyf o günlərdən, indi belə filmlər yoxdur”. Bu, həqiqətən də belədir. Bu gün keçmiş Azərbaycan filmləri kimi filmlər çəkən rejissorlarımız yoxdur. Bəli, yoxdur. Daha əvvəlki kimi ssenarilər də yazılmır. Bu gün olan filmlərin, serialların motivi insanlara küçə əxlaqını, aqressiyanı, əxlaqsızlığı təbliğ edir...

 

Bu gün çəkilən seriallarda, filmlərdə Azərbaycan qadınına dəyər verilmir. Qadın əxlaqsız, evdağıdan, sözgəzdirən obrazlarla pis formada qabardılır. Ya da qadın sevsə də, əzilən, alçalan tərəfdə olur. Qədim Azərbaycan filmlərində də qadınlar ikinci dərəcəli hesab edilib, amma bugünkü qədər deyil...

Bu dəfə 1973-cü ildə lentə alınmış “Bizim küçənin oğlanları” filmindən danışacağam. Filmdə hadisələr Ağstafada cərəyan edir.

- Əliuşaqlı da ədaxlı olar?

- İndiki cavanlardan nə desən, çıxar!...

Boşanmış, 1 uşaqlı qadınla evlənməyi düşünən İbrahim, məhəllənin dilinə düşür. Bütün qadınlar onun ədaxlısından danışmağa başlayır. Biri çirkindir deyir, biri arıqdır deyir.

“Qəribə adamdır, küçəmizdə qızlar ola-ola, gedib yanı uşaqlı dul bir arvad alıb”...

Biri isə şəhər qızının İbrahim üçün cadu etdiyini deyir. Şəhər qızının toydan əvvəl sevgilisinə su verməyi belə, söz-söhbətə çevrilir məhəllənin qadınları üçün...

Sona məhəllədə hamının haqqında dedi-qodu etməyi sevəndir, işinin-gücünün adı onun-bunun arxasınca danışmaqdır. Hətta İbrahimin toyuna heç kim getmək istəmir. Onu dul qadın almaqda qınayırlar, səhv etdiyini düşünürlər. Kənd ağsaqqalı hesab edilən Rüstəm kişini sonradan məhəllənin adamları məcbur edib toya aparırlar.

Filmdə dost olan üç gəncin valideynlərinin fərqli davranışları yer alıb. Biri övladını həkim olmağa məcbur edir, digəri ona azad seçim haqqı verir. Tofiq, Rasim və Arif eyni məhlədə böyüyən dostlardır...

Tofiq uşaqlıqdan təyyarəçi olmaq istəyir, hərbçi olmaq istədiyini deyəndə atası ona xeyir-dua verir. Arif isə bioloq olmaq istəyir. Amma kəndi tərk edib təhsil almağa getmək istəməsə də, sevdiyi qıza görə Bakıya getməyə və ali təhsil almağa qərar verir. O, anasını 14 yaşında itirib. Bunu sevdiyi qıza - bakılı qızı Elmiraya danışır. Atasının dənizdə boğulduğunu danışan Arif ,atasından sonra anasının da az yaşadığını deyir.

Filmdə hər şeyə başqa nəzərlə baxan Səriyyə xala bu üç dostu çox istəyir, öz övladı kimi baxır. Bunun səbəbini Səriyyə xalanın 1941-1945 abidəsi qarşısında oturub ağladığından sonra başa düşmək olur.

Səriyyə xala müharibədə 3 oğlunu itirmiş dərdli bir anadır. Heç övladlarının harda dəfn edildiyini də bilmir. O deyir: "Kim sizə desə ki, vaxt yaraları sağaldır, inanmayın. Mən 3 oğul itirdim, üçünün də toyunu görmədim. Heç qəbirləri də bilmirəm hardadır. Anan ölsün ay bala..."

Sonradan filmdə İbrahimin dul qadınla evlənməyinu qəbul etməyən Rüstəm kişinin qızını qaçırırlar. Rejissor burada demək istəyir ki, insanlar nə qədər başqasının həyatına müdaxilə etməyə çalışsa da, bir gün bənzər hadisələri özləri yaşayırlar...

Filmə baxıb sadəcə köks ötürmək olur. Heyf o günlərdən, heyf o dövrdən. Əbədi sevgilər, dürüst insanlar, dəyərli zamanlar... Hamısını itirdik.

Keçmişi xatırlamaq istəsəniz, bu filmə baxın. Gözləriniz yaşaracaq, siz də heyiflənəcəksiniz, keçən zamana...

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.