SƏNƏTKARLARI UNUTMADIQ – “Mozalan”a nəfəs verən Vaqif Məmmədov Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əməkdar mədəniyyət işçisi, ssenarist, redaktor Vaqif Məmmədov  Sənətkarları unutmadıq rubrikasındadır. Onu unudulmamağa vadar edən bir vaxtlar adətən kinoteatrlarda nümayiş olunan filmlərdən öncə təqdim edilən “Mozalan” satirik kinojurnalıdır. Zamanında ən kəskin tənqid məhz Mozalanda olurdu. Cəmiyyətə zidd tüfeyli ünsürlər, antipodlar gen-bol tənqid edilirdi. Əlbəttə ki, faciənin səbəbi olan quruluşu tənqid etmək o dövrdə mümkünsüz idi.

 

Vaqif Məmmədov 7 avqust 1939-cu ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil” kinojurnallarının redaktoru olub.

1980-ci ildən “Mozalan” satirik kinojurnalında redaktor vəzifəsinə təyin olunub. 100-dən çox süjetin ssenari müəllifi və redaktoru olub. Ömrünün sonuna kimi “Azərbaycanfilm” kinostudiyasında redaktor vəzifəsində çalışıb. 60-dan çox elmi-kütləvi və sənədli filmin müəllifidir.

 

“Mənə elə gəlir ki, sənədli kino sahəsində işləmək jurnalist üçün böyük həyat məktəbidir. Birincisi, həmişə həyatın axarına düşürsən, əmək adamları arasında olursan, onların qayğıları, istək və arzuları ilə yaşayırsan. “Kəndimizin qəhrəmanı”, “İlisu kəndinin camaatı”, “Poçtalyon Həcər”, “Nəsrimizin ağsaqqalı” və s. filmlərin ssenarisi bu istəklə yaradılmışdır. İkincisi, öz bacarığını, qələmini sınaqdan çıxarırsan, nəyə qabil olduğunu özün üçün aydınlaşdırırsan.” – müsahibələrinin birində belə söyləmişdi.

 

Filmoqrafiyası

- Çəmənlik və otlaqların yaxşılaşdırılması

- Qəhrəmanlar ölmürlər

- Nəsrimizin ağsaqqalı

- Kəndimizin qəhrəmanı

- Ürək dostluğu

- Bahar günəşi

- Üzümlüklərin salınması və becərilməsi

- Sibir sınaqları

- Qələbənin yolları

- Azərbaycan pambığının yetişdirilməsi texnologiyası

 

Vaqif Məmmədov 15 sentyabr 2015-ci ildə vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.