İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının xalq artisti Yalçın Əfəndiyevi – mərhum sənətkarımızı bu gün anmaqda haqlıyıq. Axı bu gün onun dünyaya gəldiyi gündür, dünyaya gəlişinin 88-ci ildönümüdür.
Təkcə onu deyək ki, sənədli filmlər və cizgi filmləri tarixində bu şəxsin misilsiz xidmətləri olub.
İndi isə təfsilatla.
Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayıb, lakin valideynlərinin təkidi ilə Geoloji coğrafiya fakültəsinə daxil olub.
Həmin illərdə ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidib. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı yaranıb və ÜDKİ-yə daxil olub. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənib.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkib. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir.
Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.
Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan tarixinə, mənəvi dəyərlərinə həsr edilən onlarla film araya-ərsəyə gəlib.
"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.
Sənədli filmlərilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir. Yalçın Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs də deyib.
Filmoqrafiya
1. "Ağ pələng"lə görüş
2. Azadlıq məşəli
3. Azərbaycan incəsənəti
4. Azərbaycan narı
5. Azərbaycan, Azərbaycan
6. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında
7. Bakı haqqında 10 dəqiqə
8. Burada başlanmışdır
9. Cırtdan
10. Dostluğun təntənəsi
11. Dönüş
12. Fransada Azərbaycan günləri
Mükafatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
Yalçın Əfəndiyev 10 dekabr 2019-cu ildə Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)