Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Həm maraqlı süjet, həm peşəkar çəkiliş, həm gözəl aktyor ifası...
Xalq artisti, kinorejissor Tofiq İsmayılovun 1982-ci ildə «Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılı haqqında söhbət açacağam. 1982-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmin ssenari müəllifi Oqtay Məmmədov, quruluşçu operatoru Şərif Şərifovdur. Baş rollarda Yaşar Nuri, Eldəniz Zeynalov, Siyavuş Aslan, Həmidə Ömərova və başqaları çəkilib.
Azərbaycanın məşhur “Məlikməmməd” nağılı əsasında çəkilən film uşaqlar üçün nəzərdə tutulub. Hazırki orta yaş qrupunun 40 il əvvəl sevə-sevə izlədiyi “Əzablı yollar” filmində nağılın süjeti dəyişilərək, şərə qarşı mübarizədə “güc birlikdədir” ideyası əsasında qurulub. Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır. Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar.
Tofiq İsmayılov bununla bağlı vaxtilə mediaya verdiyi müsahibəsində deyir: “Nağıl sırf ailə, məişət nağılı idi, mən onu ictimailəşdirdim. Nağılda Məlikməmməd qardaşlarını öldürür, hakimiyyətə gəlir. Bu, tayfa nağılıdır, onu bu müstəvidən çıxardım. Qəhrəmanlar üç qardaş kimi gedib dost kimi qayıdır”.
Mahnıları Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə, Eldar Axundov, Lütfiyar İmanov, Yaşar Nuri, Səyavuş Aslan ifa ediblər.
Divlərin filmdə səsləndirdiyi mahnı gülüşlə qarşılansa da, uzun müddət o vaxtıkı kiçik yaşlı tamaşaçılarının dilinin əzbəri olmuşdu:
“Necə dözək belə dərdə,
yaşamağa qoymur bizi,
bələkdəki bəbələr də,
it yerinə saymır bizi.
Div deyilik oyuncağıq
dərdimizi demək olmur.
Adamların dadı qaçıb,
Adamları yemək olmur”.
Ən vacibi - “Əzablı yollar” 1989-cu ildə Amerika kinoprodüserlərinin seçdiyi 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılını bərpa edib. Filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(16.07.2025)