Filmlərimiz - "Yay günlərinin xəzan yarpaqları" Featured

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Rejissor Tofiq İsmayılovun1986-cı ildə ekranlaşdırdığı  "Yay günlərinin xəzan yarpaqları" filmi barədə danışacağam. Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya - atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır.

 

Əhvalat baş verən ucqar dağ kəndi Daşdatük adlanır. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri - Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.

Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də ara vermir. Onlar direktorun kənddən getməsini istəyir, onun uşaqlara əziyyət verdiyini düşünürlər.

Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır.

Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.

Sonrasını isə filmə baxdıqdan sonra biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.