DİQQƏT! Bu gün “SevilFest” film festivalı başlayır Featured

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Festival sadəcə filmlərin nümayişi deyil, insanların vaxtını səmərəli keçirməsi və o cümlədən, incəsənətə olan marağı daha da artırmaq məqsədi daşıyır. 2020-ci ildən təşkil edilən  “Sevilfest” film festivalının adı  Cəfər Cabbarlının  “Sevil” pyesinin adından götürülüb. 

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının 6-cı buraxılışı artıq çox yaxındadır! Azərbaycanda qadınların baxışlarını və hekayələrini əks etdirən yeganə film festivalı “SevilFest” bu gündən - 5 iyuldan etibarən 9 gün ərzində dünyanın dörd tərəfindən gələn maraqlı filmləri təqdim edəcək, eləcə də müzakirələr, ustad dərsləri və xüsusi qonaqlarla zəngin olacaq.

 

Festivalın altyazısı"Ziddiyyətlər"dir. Bəli, gender bərabərliyi ilə bağlı bütün ziddiyyətlər göstərilir və onların aradan qaldırılmasına çağırış edilir!

 

Builki film proqramımız “Kann”, “Berlin”, “Sandens”, “Visions du Réel” və digər böyük beynəlxalq festivallardan mükafatlar qazanan filmləri əhatə edir - bu filmlər Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda ilk dəfə nümayiş olunur.

 

PROQRAMIMIZA QISA NƏZƏR

 

Bu proqram qadınlıq, reproduktiv hüquqlar, yaddaş, analıq və mübarizə kimi mövzuları əks etdirən cəsarətli və aktual filmlərdən ibarətdir.

Burada İrandan “Oğurlanmış Planetim”, Fələstindən “Ruhunu əlinə al və yola düş”, Böyük Britaniyadan “Ana Plata” , Gürcüstandan “9 aylıq kontrakt” kimi yeni, ən çox səs gətirən sənədli filmlər yer alır.

 

Xüsusi nümayiş: “Satyrusun axtarışında”

 

Tanınmış fotoqraf Rəna Əffəndinin beş il ərzində ərsəyə gətirdiyi ilk tammetrajlı sənədli filmi festivalımız çərçivəsində Azərbaycanda ilk dəfə nümayiş olunacaq! Rejissor bir kəpənəyin izi ilə başladığı bu səyahətdə atasını tanımağa, keçmişlə üzləşməyə çalışır və Qafqazın qəlbindəki yaraları müşahidə edir.

 

Xüsusi qonaq: Kler Aterton

 

Dünyanın nüfuzlu film montajçılarından biri və rejissor Şantal Akermanın uzunmüddətli əməkdaşı Kler Aterton bu il xüsusi qonaqdır. 2019-cu ildə o, Lokarno kinofestivalında “Vision Award Ticinomoda” mükafatını alan ilk qadın montajçı olub. Bu mükafat onun montaj vasitəsilə müasir kino dilinin formalaşmasındakı rolunu yüksək səviyyədə tanımaq deməkdir.

Kler Aterton montaj və kino dili üzrə ustad dərsi keçəcək və “Şantal Akerman Retrospektivi” proqramımızı təqdim edəcək.

 

 

Müzakirələr və ustad dərsləri

Kino nəzəriyyəsinin əfsanəvi siması Laura Malvi ilə onlayn ustad dərsi:

Feminizm və kino mədəniyyətinin ilkin dövrləri haqqında xatirələr: tarix, nəzəriyyə və avtobioqrafiya;

Sarayevo Film Festivalının kuratoru, mentor və rejissor Rada Şeşiç real hekayələri yaradıcı kinoya çevirmək üzrə seminar təqdim edəcək;

Kinotənqidçi və kurator, “Invisible Women” kollektivinin həmtəsisçisi Reyçel Pronqer kino tarixinin yaddan çıxarılmış qadınları barədə təqdimat edəcək;

Həmçinin Viktoriya Mepplbek, Malika Muxamecan, Marina Belikova və digər xarici qonaqlarla müzakirələr təşkil olunacaq;

 

Qısa film müsabiqələri:

böyük ekranda yeni nəfəs

 

“SevilFest” gənc rejissorları dəstəkləməyə davam edir. Beynəlxalq və yerli qısafilm müsabiqələrimiz sənədli film sahəsində son illərdə meydana çıxan adları özündə ehtiva edir. Bu filmlər gender, yaddaş, miqrasiya, zorakılıq və aidiyyat kimi aktual mövzuları araşdırır.

 

Panel müzakirəsi: Azərbaycanda qadınların kinodünyası

 

“SevilFest” ilk dəfə Azərbaycan kino sənayesindəki gender reallıqları barədə ictimai müzakirə təşkil edir. Paneldə təcrübəli prodüser və ssenarist İradə Bağırzadə, ölkənin azsaylı qadın kinooperatorlarından Pərvanə Həsənova və tanınmış aktrisa Günəş Tegin (Mehdizadə)iştirak edəcək.

 

BİR QƏDƏR DƏ TARİX

 

Gəlin biraz festivalın tarixinə və  qaliblərin hansı naminasiyalar üzrə olduğuna nəzər salaq.  Başlayaq xeyli uğurlu olmuş 4-cü  “Sevilfest” film festivalının qaliblərindən: 

 

Beləliklə, 4-cü  “Sevilfest” film festivalının qalibləri aşağıdakılar olub:

         Yerli qısametrajlı sənədli film nominasiyası:

Hədis - 9', Nərzin Ağamalıyeva, Çexiya, ABŞ, Azərbaycan

         Xüsusi jüri mükafatı:

Çinar ağacının kölgəsində - 18', Aynur Elgünəş, Azərbaycan

         Beynəlxalq qısametrajlı sənədli film nominasiyası:

Qadının doğuluşu - 29', Soňa Nôtová, Slovakiya

         Xüsusi jüri mükafatı:

Bu elə bir sevgidir ki - 19', Olga Hajnosz, Polşa

         Tammetrajlı sənədli film nominasiyası:

Sərhəd boyunca avtoportret - 50', Anna Dziapşipa, Gürcüstan

         Xüsusi jüri mükafatı:

"Bəlkələrlə yaşayırıq": Müharibə sonrası itkin düşmüş şəxslərin axtarışında - 66', Leyla Cəfərova, Azərbaycan

 

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində baş tutan və festivalla parallel şəkildə keçirilən 5 günlük “Dok Atelye" vörkşopda 21 sentyabr 8 seçilmiş layihənin jüri qarşısında təqdimatı olub. Jürilər 2 layihəni qalib seçiblər. Qalib layihələr Sevilfest tərəfindən dəstəklənib.

Dok Atelyedə qalib layihələr:

         Ceylan Əmirəliyeva, Levi Angel-“Yaxşı səhərlər”

         Gülarə İsmayılova, Səhər Cahan-" Süpürgə boğan"

Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Qadın Sənədli Film Festivalıdır, ilk növbədə gender məsələlərinə yönəlir. Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə genderlə bağlı problemlər haqqında fərqindəliyi artırmaqdır. Bundan əlavə, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı mövcud stereotiplərdən ötrü qadın rejissorların önündəki maneələrin qaldırılmasını, onların Azərbaycandakı kino sahəsində iştirakçılığını artırmağı özünə məqsəd bilir.

 

Bir sözlə, növbəti festivala uğurlar arzulayırıq!  

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.