Onun adı çəkiləndə dərhal mükəmməl, maraqlı tamaşalar yada düşür. Azərbaycan teatr rejissoru, Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyov! Və bu gün onun doğum günüdür, ömrünün 76-cı baharına qədəm qoyur.
Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu il tarixində Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizodik rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib.
Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib.
Əlbəttə ki, onun mükəmməl teatr rejissoru kimi yetişməsində atdığı bax bu addım həlledici rol oynayıb. O, ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhərinə) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970–1975) seçdiyi ixtisasın incəliklərini öyrənib. Diplom işi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində dramaturq Maykl Stüartın və bəstəkar Cerri Germanın "Hello Doli" müzikl-operettasını tamaşaya hazırlayıb.
Bundan sonra isə bütün yaradıcılığı boyu bir daha operetta janrına müraciət etməyib, yalnız dram teatrında tamaşalar hazırlayıb. İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. Mövcud təyinat qaydasına əsasən iki il bu teatrda quruluşçu rejissor işləyib.
Bu təcrübəli kollektivdə Tennessi Uilyamsın "Arzu tramvayı" dramına, Jan Batist Molyerin "Tartüf" komediyasına, Boris Vasilyevin "Qış gecəsinin nağılı" pyesinə, Alla Sokolovanın "Faryatevin fantaziyası" psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin "Yegelyanın səadəti", uşaqlar üçün Sergey Mixalkovun "Lovğa dovşan" nağılına maraqlı səhnə quruluşları verib.
Azərbaycan teatrında parlaması Sumqayıt Dövlət Dram Teatrındakı fəaliyyəti ilə başlayıb. İstedadlı rejissorun kino sahəsində özünü sınaması isə xüsusən yadda qalıb. Ortaya gözəl filmlər çıxıb.
Filmoqrafiya
1. Bizim qəribə taleyimiz
2. Canavar balası
3. Doğan Günəş
4. Qəm pəncərəsi
5. Qırmızı qar
6. Mənim ağ şəhərim
7. O dünyadan salam
8. Sən həmişə bizimləsən
Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" və "Atabəylər", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada" və "Ləyaqət" pyeslərini tamaşaya hazırlayıb.
1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın "Təkan" ("Köksüz budaqlar"), Tofiq Kazımovun tərcüməsində Qarsiya Lorkanın "Qanlı toy", Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikitinin "Abşeronda bir gecə" pyeslərinin tamaşalarını oynayıb.
Respublika Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. Daha sonra öz xahişi ilə teatrın baş rejissoru vəzifəsindən azad edilib.
2018-ci ildən Bakı Bələdiyyə Teatrının baş rejissorudur.
Mükafatları
- Azərbaycan Respublikasının Əməkdar artisti
- Azərbaycan Respublikasının Xalq artisti
- Şöhrət ordeni
- "Heydər Əliyevin 100 illiyi" yubiley medalı
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)