İqtisad oxudu, tibb oxudu, ancaq sonda səhnəni seçdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əcaba, kim imiş bu, iqtisad oxuyan, tibb oxuyan, ancaq sonda səhnəni seçən şəxs?Bizim Cəbiş müəllim imiş. Azərbaycan SSR xalq artisti Süleyman Ələsgərov! Bu gün onun doğum günüdür. Gəlin, onu yaxından tanıyaq.

 Süleyman bəy 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.

 "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə kinolentlərdə çox kiçik epizodlara çəkilib. Onun ən populyar və irihəcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur.

 

Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxmışdır. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.

 

Gənc Tamaşaçılar Teatrında ifa etdiyi əsas rollarin bir qismini sizlərə təqdim edirəm.

 

1. Polad ("Qızıl quş", Mirmehdi Seyidzadə)

2. Fərzəli bəy ("Nəsrəddin", Yusif Əzimzadə)

3. Aqşin ("Babək", Əbil Yusifov)

4. Vəzir, Oruc ("Fitnə" və "Qaraca qız", Abdulla Şaiq)

5. Kaçkaryov, Poçt müdiri ("Evlənmə", və "Müfəttiş" Nikolay Qoqol)

6. Arqant ("Skapenin kələkləri", Jan Batist Molyer)

7. Müşavir ("Qarlar Kraliçası", Yevgeni Şvarts)

8. Eldostu ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib)

9. Hacı Nuru və Molla Salman ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə)

10. Valentin və Pontolone ("İki ağanın bir nökəri", Karlo Haldoni)

 

Filmoqrafiya 

 

- Ağ atlar üçün vals 

- Astana 

- Babamızın babasının babası

- Babək 

- Bakıda küləklər əsir

- Bəxtiyar

- Bir ailəlik bağ evi

- Bir cənub şəhərində 

- Birisigün, gecəyarısı...

- Bizi bağışlayın

 

Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.

O, 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.