"Bir cənub şəhərində" filmindəki Fazil obrazı yadınızdadırmı? Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru Fazil Salayevin anım günüdür. Nədənsə, onu daha çox yaratdığı komik obrazlarla xatırlayırıq. Fazil isə bu obrazlardan ən mükəmməli və yaddaqalanıdır.

 

Fazil Salayev 1 sentyabr 1931-ci ildə Bakı şəhərində, İdris Salayevin ailəsində anadan olub. Onun əsli Abşeron rayonunun Fatmayı kəndinə dayanır. Erkən yaşlarından yazıya və təsviri sənətə maraq göstərib. Orta təhsilini yüksək göstəricilərlə başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunub və təhsilini müvəffəqiyyətlə tamamlayıb.

 

Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim kimi fəaliyyət göstərib, Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının da təhsil aldığı sinfə rəsm dərsi verib. Bununla yanaşı, "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi çalışıb. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunub və bu ali təhsil müəssisəsini bitirib.

 

Diplomunu aldıqdan sonra Akademik Milli Dram Teatrına aktyor kimi işə qəbul edilib, burada müxtəlif səhnə obrazları yaradıb. Lakin yaradıcılıq fəaliyyəti ilə bağlı gözləntilərinin tam qarşılanmadığını nəzərə alaraq, Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirib. İlk rolunu 32 yaşında ifa etsə də, geniş tamaşaçı auditoriyası onu məhz kinoaktyor kimi tanıyıb. 

 

Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edib. Bir il sonra rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir obrazını canlandırıb. Daha sonra "Alma almaya bənzər" filmində Mehdi, "Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" filmində Fazil, "Dərviş Parisi partladır" filmində isə Qulaməli obrazlarını yaradıb. Akademik Milli Dram Teatrından ayrıldığı dövrdə "Mozalan" satirik kinojurnalında müxtəlif xarakterik rollar ifa edib. 

 

1969-cu ildə Şamil Mahmudbəyovun rejissorluğu ilə çəkilmiş "Şərikli çörək" filmində canlandırdığı Qırçı Məhəmməd obrazı aktyorun istedadının fərqli aspektlərini üzə çıxarıb. Bu psixoloji rol onun amplua məhdudiyyətinin olmadığını nümayiş etdirib, Azərbaycan kinosunda sükutla emosiyaların ifadəsi baxımından diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilib. Bundan əlavə, televiziya ekranlarında yayımlanan "Komediyalar aləminə səyahət" verilişində müxtəlif səhnəciklərdə çıxış edib.

 

Filmoqrafiya 

 

- 777 №-li iş

- Axırıncı aşırım 

- Alma almaya bənzər

- Araşdırın 

- Arvadım mənim, uşaqlarım mənim 

- Arzu 

- Bir cənub şəhərində 

- Bizim Cəbiş müəllim 

- Dərviş Parisi partladır 

- Günlərin bir günü... 

- İyirmialtılar 

- Möcüzələr adası 

- Ögey ana 

- Rəqiblər 

- Sən niyə susursan?

 

Fazil Salayev 20 iyun 1978-ci ildə ömrünün 46-cı baharında dünyaya gözlərini qapayıb. Bu gün vəfatının 47-ci ildönümüdür. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.