O vaxtlar aktyor olmaq böyük cəsarət tələb edirdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O vaxt – yəni 20-ci əsrin əvvəlləri. Qaragürüh teatrı şər əməl hesab edirdi, teatr çıxaranlara qiyabi ölüm cəzası kəsilirdi... Azərbaycan SSR xalq artisti Əli Qurbanov məhz o dövrdə aktyorluğa gəlmişdi...

 

Əli Qurbanov 20 iyun 1898-ci ildə Tiflisdə dünyaya gəlib. O, aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlayıb. İlk dəfə Möhsün Sənaninin təkidi ilə həvəskarların "Gaveyi-Ahəngər" tamaşasında bircə kəlmə "gedək" sözü ilə səhnəyə çıxıb. 1915-ci ildə isə "O olmasın, bu olsun" tamaşasında Rüstəm bəy rolunu ifa edərək maraqları öz üzərinə çəkib. Bu hadisədən sonra onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarzən kimi dəvət etməyə başlayıblar.

 

Tiflisdə "İttihad" dram cəmiyyəti təşkil olunub və həmin il Əli Qurbanov bu truppaya dəvət edilib. "İttihad" truppası ilə "Bəxtsiz cavan" (Qoca kəndli) və "Pəri cadu" (Niyaz) əsərlərində məharətlə çıxış edib. 1918-ci ildən aktyorluq fəaliyyətini "İbrət" dram cəmiyyətində davam etdirib. Bu truppada Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi aktyorlarla birlikdə çalışıb.

 O, burada Hacı Həsən ("Ölülər"), Şahmar bəy ("Müsibəti-Fəxrəddin"), Şah Sultan Hüseyn xan ("Nadir şah"), Cavad bəy ("Dağılan tifaq"), Əsgər bəy ("Hacı Qara") və digər rollarda oynayıb.

1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada fəaliyyət göstərib.

 

Filmoqrafiya

 

- Almaz

- Bakılılar 

- Bəxtiyar 

- Bir qalanın sirri

- Böyük dayaq

- Doğma xalqıma

- Fətəli xan 

- Hacı Qara

- İsmət

- Kəndlilər 

- Koroğlu

- Qara daşlar

- Qayıdış

- Qızmar günəş altında 

- Mahnı belə yaranır

- Məhəmməd Füzuli 

 

Təltifləri 

 

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. 2 dəfə "Lenin" ordeni 

4. "Şərəf nişanı" ordeni

5. "Qırmızı əmək bayrağı" ordeni

 

Əli Qurbanov 14 oktyabr 1962-ci ildə, 64 yaşında Bakı şəhərində vəfat edib. 

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.