İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün bir nəfərin də anım günüdür. Köhnə dövrlərin adamıdır. O dövrdəkilkəri də yada salmaq bizim borcumuzdur.
Könhə filmlərimizə baxın. Əksəriyyətində onu görəcəksiniz. İndi belə aktyor tapmaq olarmı?
Ağahüseyn Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib, lakin daha sonra Ağahüseyn Cavadov maddi çətinliklər səbəbindən təhsilini davam etdirə bilməyib və ailəsini dolandırmaq üçün tacir yanında işləyib.
Sənətə Tənqid-Təbliğ Teatrında başlayıb. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında oynayıb.
O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Cavadov burada "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" tamaşalarında oynayıb. Onun "Bəxtiyar", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Qızmar günəş altında", "Sehirli xalat", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır. Eyni zamanda Ağahüseyn Cavadov bədii əsərlərin bir çoxunun efirdə səsləndirib. O, ömrünün 60 ildən çoxunu səhnəyə verib və 200-dən artıq səhnə obrazı yaradıb.
Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizodik rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.
Filmoqrafiya
1. Bəxtiyar
2. Görüş
3. O olmasın, bu olsun
4. Qızmar günəş altında
5. Kölgələr sürünür
6. Bir qalanın sirri
7. Əhməd haradadır?
8. Sehrli xalat
9. İstintaq davam edir
10. İyirmialtılar
11. Əzim Əzimzadə
12. Mən ki gözəl deyildim
13. Bizim Cəbiş müəllim
14. Şərikli çörək
15. Hörmətli alim yoldaşlar
16. Ağasadıq Gəraybəyli
17. Bakıda küləklər əsir
18. Dörd bazar günü
19. Qərib cinlər diyarında
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Qırmızı Əmək Bayrağı" ordeni
- 2 dəfə "Şərəf nişanı" ordeni
Aktyor 200-dən artıq səhnə obrazı yaradıb, 10-a qədər filmdə komik və ciddi rollar ifa edib.
Ağahüseyn Cavadov 19 iyun 1981-ci ildə Bakıda vəfat edib.
İkinci Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)