İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, bizlər onu “Sehirli xalat” filmindəki rolu ilə tanımışıq. Söhbət Azərbaycan SSR xalq artisti Möhsün Sənanidən gedir.
O, 19 iyun 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Səhnə həvəsi onda yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxıb. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verib və onları təqlid edib. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirib.
1911-ci ildə birinci dəfə geniş izdiham qarşısına çıxıb. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayıb. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayıb.
1915-ci ildə M.Sənani Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb ediliblər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırıblar. O, bu rolu çox böyük ustalıqla ifa edib.
Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq bütün peşələrdən əl çəkib, ancaq aktyorluqla məşğul olub. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərib. Bunlardan: Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. Möhsün Sənani onların arasında ən gənc aktyor olub.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradıb, ona həqiqi aktyor şöhrəti qazandırıb. 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb. 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "Bəxtiyar", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.
Filmoqrafiya
1. Laert ("Hamlet", V.Şekspir)
2. Kassiol ("Otello", V.Şekspir)
3. Serqo ("Şeyx Sənan", H.Cavid)
4. Mixaylo ("Uzaq sahillərdə", H.Seyidbəyli və İ.Qasımov)
5. Sadiq ("Xoşbəxtlər", S.Rəhman)
6. Həsənağa ("Göz həkimi", İ.Səfərli)
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Xalqlar dostluğu" ordeni
- "Şərəf nişanı" ordeni
- "Əmək veteranı" medalı
- "Əmək igidliyinə görə" medalı
11 fevral 1981ci ildə, 80 yaşında vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)