Özgə kim bu qədər filmə çəkilib? - MƏLİK DADAŞOVUN DOĞUM GÜNÜDÜR Featured

İnci Məmmədzadə,“Ədəbiyyat və incəsənət

 

Azərbaycan SSR Dövlət mükafatı laureat, Azərbaycan SSR xalq artisti Məlik Dadaşov – bu ad kimə tanış deyil ki? Kino tariximizə adını qalın xəttlə həkk etdirən Məlik Dadaşovun repertuarında onlarca irili-xırdalı rol var, bütün rolları da tamaşaçısına sevdirə bilib. Tək birindən - “Fəryad” filmində canlandırdığı erməni obrazından başqa.

 

Bu gün görkəmli aktyorun doğum günüdür.

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunub.

1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynayıb.

Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb. 

Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olub. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçib. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı olub. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.

Xalq yazıçısı İ.Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.

Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkib. "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilib.

 

Filmoqrafiya 

 

- 777 №-li sexdə

- Ağlar-güləyən

- Axırıncı aşırım

- Atayevlər ailəsi 

- Baldızoğlu

- Bir məhəllədən iki nəfər

 

- Bir qalanın sirri 

- Birisigün, gecəyarısı...

- Bizim küçə

- Bizim küçənin oğlanları

- Böyük dayaq 

- Cazibə qüvvəsi 

 

- Dağlarda döyüş 

- De ki, məni sevirsən!

- Dəli Kür 

- Evin kişisi 

- Fəryad 

- Fətəli xan

 

- Gənc qadının kişisi 

- Gözlə məni 

- Güllələnmə təxirə salınır!... 

- Hacı Qara 

- Xalqlar Dostluğu muzeyi

- İnsan məskən salır

 

- İstintaq davam edir 

- İyirmialtılar 

- Kiçik leytenant 

- Kontor 

- Koroğlu

- Leyli və Məcnun

 

- Mezozoy əhvalatı 

- Müsahibə götürən adam

- O dünyadan salam 

- Orijinal üsul

- Təhminə 

- Ulduz 

 

- Ulduzlar sönmür 

- Uşaqlığın son gecəsi 

- Dmitri Kantemir Moldova istehsalı

- Yaramaz 

- Yarımçıq qalmış mahnı

- Yenilməz batalyon

 

Azərbaycan SSR xalq artisti Məlik Dadaşov 2 dekabr 1996-cı ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.