Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Rejissor Elçin Musaoğlu, “40-cı qapı” filmi.
Növbəti dəfə bu film barədə danışacağıq.
Hadisələr ötən əsrin sonunda yeniyetmə bir gəncin həyatından bəhs edir.
14 yaşlı Rüstəmin (Həsən Səfərov) Moskvaya alver üçün getmiş atasının ölüm
xəbəri gəlir. Həyata hazır olmayan yeniyetmə gənc və çıxılmaz vəziyyətdə qalan
evdar anası adi məişət problemlərinn əlində aciz qalırlar.
Belə vəziyyətdə Rüstəm ailəyə qazanc gətirmək məqsədilə məktəbi atmağa məcburolur. Dolanışıq naminə hər cür əziyyətə qatlaşan bu yeniyetmənin maraqlı bir
dünyası var. O, ruhunun ritminə uyğun olan musiqilərin avazı ilə xəyal qurur, mahir nağara
ifaçısı olmağı arzulayır, bu musiqi alətini almaq üçün pul toplamağa çalışır. Lakin maşın yumaqla gündəlik yaşayışlarını güclə təmin edən yeniyetmə xəyallarının
gerçəkləşə bilməyəcəyini də başa düşür.
Ailənin ağırlığının azyaşlı oğlunun çiyinlərinə düşməsinə razı olmayan Rüstəmin
anası ona kömək etmək istəsə də, həyatın sərtləşmiş qanunları və ətrafındakı
bədniyyətli insanların olması ona bu imkanı vermir. O, susmağa, oğlunun qəmgin həyat tamaşasındakı “çaşqın qurban” obrazını seyr
etməyə məcburdur.
Hadisələrin cərəyan etdiyi Bakıətrafı kiçik qəsəbədə (“40-cı qapı”da) belə
yeniyetmələrin çoxluq təşkil etdiyini görürük. Məktəbi atıb, küçələrdə maşın
yumaqla bir tikə çörək qazanmağa məcbur olan Rüstəm isə onların
ümumiləşdirilmiş obrazıdır.
Rüstəm İbrahimbəyovun gözəl bir sözü var: “İncəsənətin əsas məqsədi insanda
insanlığı qorumaqdır”.
“40-cı qapı” filmində də bu meyar əsas götürülüb. Həyatın sıxıntıları ilə dolu
kadrların fonunda insanlara ünvanlanmış mərhəmət, səmimiyyət prinsipləri
dayanır.
Həyatın yazılmamış amansız qanunları dünya kinosunun həmişə aktual mövzusu
olub.
Sürrealizm, neorealizm cərəyanlarına aid olaraq dünyanı heyrətə salan filmlər
müxtəlif xalqların sakinlərinin daxili aləmlərinin, mənəvi dünyalarının mahiyyətinibədii dəyələrlə, vizual effektlərlə dəqiq şərh etdiyinə görə cəmiyyəti heyrətə
gətirirdi.
Bizim kinoda isə hadisələrin mahiyyəti bəzən sovet rejiminin qadağalarına məruz
qaldığına görə o qədər də qabarıq və emosional işlənmədiyindən bəzi dövrlərin
kino təqdimatında həyat süni və yad təsir bağışlayıb. Bu gün isə vizual vasitələrin
(televizor, kompyuter, telefon və s.) bolluğunda olan tükənməz tamaşaçı tələbatına cavab vermək çətindir. Filmlərin baxılmamağının səbəbini bu kimi amillərlə
əsaslandırsaq da, kinosevərlərin arasında səmimi, sadə hadisələrin poetik və yaxud real təsvirlərinin seyrinə üstünlük verən düşüncəli tamaşaçılar da çoxdur.
Bu mənada kinoda tamaşaçıların gözlərini qamaşdıran köməkçi təsvir vasitələrinin (kompyuter qrafikası, ən son texniki təchizat və s.) rolu o qədər də həlledici deyil. Çünki, bədii mahiyyəti güclü olan ekran əsərlərinin dramaturji materialına bu kimi amillərin yoxluğu elə də xələl gətirmir.
Deməli, kinonun durmadan inkişaf edən imkanlarının labüdlüyü hər bir film üçün vacib deyil. Yetər ki, yaradıcı kollektivin fərdi keyfiyyətlərindəki peşəkarlıq aydın və qabarıq şəkildə özünü büruzə versin.
“40-cı qapı” filmindəki reallığa maksimum səviyyədə yaxın olan hadisələrin
şablonsuz təsvirlərinin kamera dinamiksizliyi ilk baxışda sanki məziyyətlərin qəbul olunmasını ləngidir. Lakin hadisələrin məntiqi mənasını dəqiq diktə edən
mizanlardakı personajların mövqeyi, aktyorların qabarıq ifaları bizi ekrandakı
dramatik hadisələrə biganə qalmamağa məcbur edir. Reallıqların əksi olan bədii
materialın ekran variantı daim tamaşaçılar üçün maraqlı olub. Köməkçi,
gözqamaşdıran texniki vasitələr kinonun vizual effektlərini gücləndirsə də, maddi
çətinliklər dövrundə bunlarsız da güclü kompozisiyaya malik ekran əsərləri uğur
qazanır. Belə kinonu yoxsul, lakin zəngin mənəviyyatı olan bir canlıya bənzətmək olar.
“40-cı qapı”dakı hadisələrin mahiyyəti dərindir. Uşaq dünyasını, qadın zərifliyini
həyat mübarizəsi zəminində qəddarlıq qanunlarına əsasən tapdalayan həyat
amilləri, küçə qanunları əslində qlobal bəlaların başlanğıcıdır. Hamımız bilirik ki, kinonun tərbiyəvi cəhətlərindən biri də insanda mədəni, mənəvi keyfiyyətlərin
yüksək olmasının labüdlüyünü vurğulamaqdır. Buna əngəl olan amillər isə ya
müharibələr, ya da ki, insanın insan tərəfindən istismarına rəvac verən diktatorluq
iddiasıdır. Sən demə, küçədə bir tikə çörək qazanmaq üçün maşın yuyanların da
qazandıqları qəpik-quruşdan haqq verəcəkləri “reketlər” var. Onların mövqeyi isə
kütləvi şəkildə odlu və soyuq silahla silahlanmış cinayətkarlardan da təhlükəlidir. Ona görə ki, dünyanın sivil dövründə psixoloji istismara üstünlük verən bu
cinayətkar dəstələrin əsas qurbanları məhz həyatın məngənəsində sıxılmaqla
problemlərinə boyun əyən azyaşlı, çarəsiz uşaqlardır.
İnsanların fərdi xüsusiyyətləri kimi formalaşdırdığı küçə anlayışları
kinematoqrafiyanın daim müraciət etdiyi bir mövzudur. Ta qədimdən insanların
kimliyini, mövqeyini müəyyənləşdirən məskənləri fərqlənib. Bu fərqliliyin
fonunda isə yaşayan insanların həyat mövqeyini, düşüncələrini kino daha dəqiqi
səciyyələndirir.
“40-cı qapı”da yoxsullara dayaq durmağa çalışan çarəsiz oğru da var, əlacsız kasıb
da, əxlaqsız varlı tacir də. Qəribədir ki, “40-cı qapı” balansı böyük olan həyat
tərəzisinin ölçüsünə görə ən kiçik, orada məskunlaşan və imkansızlıqları daxilində əriyən sakinlərinin dərdlərinin çəkisinə görə isə ən ağır daşıdır.
“40-cı qapı” sirlərlə, təzadlarla dolu olan dünyanın bizi təəccübləndirən qaranlıq
bir otağıdır. Bu otaq filmdən də göründüyü kimi, alınlarına yoxsulluğun əzab və
iztirabları yazılmış nakam insanlara məxsusdur. Yoxsulluqdan, qazanc dalınca
evindən didərgin düşən insanların (Rüstəmin atası, dayısı) da qaranlıq həyatlarının natamam sonluqlarını “40-cı qapı” özünə çəkir.
Bir sözlə,“40-cı qapı” sözün əsl mənasında həyat məngənəsidir. Lakin burada
yaşayan insanlar ümidlərini itirmirlər. Onların mənəvi zənginlikləri maddi
yoxsulluqlarını üstələyir.
Deməli, dünyanı dəyərləndirən “kəşməkəşli rəngarəngliyi” yox, insanlığa dəyər
verən, onları mədəniyyətə doğru səsləyən, güc verən zəngin mənəviyyatdır. Bu
mənəviyyatın keşiyində duranlar isə dədə-baba xalçasını, mirasını hər vəchlə
qorumağa çalışan, dinamik həyat ritmlərini qəlblərində səsləndirməyə məcbur olanRüstəm kimi məğlubedilməzlərdir. O, hələ üzünə gülməyən həyat qapısının başlanğıcındadır. Sonu görünməyən
yüzlərlə qaranlıq mənzillərin qapısını isə onun əqidəsi, cəsarəti açacaq. O əqidə ki, başqalarının da yoluna nur saça biləcək.
14 yaşlı Rüstəm obrazının ifaçısı Həsən Səfərov obrazın psixoloji cəhətlərini,
mövcud xüsusiyyətlərini real canlandırıb. O, qaranlıq dünyanın “40-cı qapı”sının kiçik sakininin həyata baxış formalarını şablonsuz oynayıb.
Hadisələrin bədii mahiyyətinin tamaşaçıya operativ çatdırılmasında Rüstəm
obrazının xüsusi rolu var.
Lakin tərəf müqabillərinin kamera qarşısındakı naşılığı onun da yaradıcılığına
kölgə salır.
Məsələn, maşın yuyan uşağın donuq jestləri, Rüstəmin döydüyü “reket” oğlanın
arxayın qaçışı, kor uşağın həyatı ilə razılaşmış mövqeyi və s.
Qaranlıq dünyalarına işıq ucu düşməyən qadınların ümumiləşdirilmiş obrazlarının dramaturji psixologiyasını açmaq isə Rüstəmin anası rolunu ifa edən Gülər
Nəbiyevanın üzərinə düşüb. Bu obraz ərini dinc dövrdə deyil, müharibədə,
cəbhədə itirən çarəsiz bir qadın təsiri bağışlayır. Yalnızlığın dəhşətini,
imkansızlığın insanı səfilliyə, çarəsizliyə sürükləyən vəhşətinin dözülməzliyini
Gülər bütün yaradıcılıq imkanları daxilində ifa etməklə, rejissor ideyalarını
tamaşaçıya daha da yaxınlaşdırmış oldu.
Bu film bizi 1990-cı illərdə ölkəmizdə yaşanmış gərginliklərlə dolu hadisələrə
nəzər salmağa vadar edir.
Həyatımızın müəyyən mərhələlərini tərənnüm edən bu kimi filmlər insanlara yeni, gözəl həyat quruculuğu uğrunda apardıqları mübarizələrdə stimul verir, onları
əyilməzlik naminə inkişafa, tərəqqiyə, maarifpərvərliyə çağırır.
Rejissor Elçin Musaoğlu həyata olan fərqli baxışlarını yaradıcılığı fonunda bizə
pıçıldamaqla sənətdə olan prinsipiallığını göstərmiş oldu.
“Ədəbiyyat və incəsənət”
(04.06.2025)